3.2. Təyinatına uyğun olaraq İNƏ avadanlıqlarını iş prosesində tətbiq edir.
► İsti-nəmləşdirmə əməliyyatında istifadə olunan avadanlıqlar və tərtibatlar
İsti-nəmləşdirmə əməliyyatı çox müxtəlifdir: ütüləmə, tikişi açma, tikişi yatırtma, naziltmə, yığma, dartma, pardaqlama (buxara vermə), dekatirləmə - formaya salma. İsti-nəmləşdirmə əməliyyatında istifadə edilən avadanlıq görüləcək işin xüsusiyyətinə və təyinatına əsasən seçilir. Tikiş sənayesində elektriklə, buxar və elektrobuxarla qızdırılan ütülərdən istifadə edilir. Ütülərin hamısı öz ağırlıqlarına görə təsnifatlanır.
UTP ütüsünü Rostov zavodu "Leqmaş" istehsal edir. Proseslər arası və axırıncı tamamlama olan isti-nəmləşdirmə əməliyyatında qadın və uşaq donları, kişi və uşaq köynəyinin ütülənməsində istifadə etmək üçün nəzərdə tutulmuşdur.
İsti-nəmləşdirmə əməliyyatında preslərin tətbiq edilməsi bu əməliyyatın aparılmasında ağır zəhməti aradan qaldırır, əmək məhsuldarlığını artırır, işlənilmə keyfiyyətini yaxşılaşdırır və işçinin zəhmətini yüngülləşdirir. Tikiş müəssisələrində preslərdən səmərəli istifadə edilməsi məqsədilə ayrıca sərbəst sex ayrılır. Bu da geyimlərin çeşidlərinə uyğun daimi presləmə xətti təşkil etməyə imkan verir, yəni kişi və qadın paltosu, kişi üçün yun kostyum, kişi köynəyi və s. xətləri.
Preslər presləmə gücündən asılı olaraq ağır, orta və yüngül preslərə, təyinatına görə isə universal və ayrı-ayrı hissələrin işlənilməsi üçün olan xüsusi preslərə ayrılır (Şəkil 3.2).
Donların və alt paltarlarının hazırlanmasında hissələrin (plankaların, düymələnmə yerlərinin, üstdən qoyulan ciblərin və s.) kənarlarının qatlanması üçün fals - preslərdən də istifadə edirlər. Xüsusi avadanlıq qrupuna aşağıdakılar aiddir: PLQS - qolların okatını yatırtmaq üçün; SPR - 1, SPR - 2, SPR - 3 markalı pnevmatik preslər - qol yerlərindəki yığılmaların ütülənməsi üçün; PU - 1, PPU - 1 - cib qapaqlarını, cibin ağzını, kəmərcik və s. kiçik hissələri ütüləməklə naziltmək üçün; PQU - 1 - 01 - şalvarda yan və addım tikişini açmaq üçün; |
Cs - 311 AK, Cs - 313 presləri - kostyumluq və paltoluq materiallardan hazırlanan geyimlərin işlənilməsində, proseslər arası və axırıncı tamamlama əməliyyatlarında istifadə edilir.