3.5. Fərdi tikiş istehsalında iş yerini təşkil edir.
► Moda evi
Müasir cəmiyyətimizdə insanların ən böyük arzularından biri zövqlə geyinməkdir. Respublikamızda tikiş sənayesi günü-gündən inkişaf etsə də, insanlar fərdi hazırlanan geyimlərə də az yer vermirlər. Bu məqsədlə ölkəmizdə müasir moda evləri fəaliyyət göstərir. Bəs moda evi necə olmalıdır? Moda evi bir neçə məkandan ibarətdir (Şəkil 3.18).
Bura qəbul otağı, biçici sexi, tikiş sexi, material və furnitura anbarı, hazır məmulat anbarı daxildir. Qəbul otağı deyəndə geniş, müasir dizaynla gözəl tərtib olunmuş, işıqlı salon nəzərdə tutulur. Salonda hər bir şərait olmalıdır, belə ki, moda jurnallarına baxmaq üçün bir neçə jurnal stolu, hər stolun yanında 2-3 yumşaq kreslo olmalıdır. Salonda modelyer-dizayner üçün, sifarişləri qəbul edən şəxs üçün, dispetçer üçün, parçalara baxmaq və ölçmək üçün stollar olmalıdır. Gündəlik qəbul olunmuş sifarişlərdən asılı olaraq, yoxlama (paltarın əyinə ölçülməsi) kabinələri olmalıdır. Onlar dekorativ parçalarla örtülməlidir. Hər kabinədə güzgü, stul, asılqanlar, bir sözlə, müştərinin rahatlığı üçün hər bir şərait olmalıdır. Kabinələr divar brası ilə, salon isə çilçıraqla işıqlandırılır. Təklif olunmuş parçalar divardan asılmalı, təzə təklif olunmuş modellər isə manekenlərdə və zövqlə tərtib olunmuş vitrinlərdə qoyulur. Qəbul otağında asılqanlar və güzgülər, kənarda şüşə altında məmulatın tikilmə preyskurantı olmalıdır. Salonda müştərini qəbul edirlər, onun sifarişini qeydə alırlar, yoxlama (paltarın əyinə ölçülməsi) aparırlar və hazır məmulatı ona təqdim edirlər. Bundan başqa, moda evində biçici sexi geyim hissələrini biçmək, tikiş sexi isə həmin hissələri tikmək üçün lazım olan bütün avadanlıqlarla təchiz olunmalıdır. Material və furnitura anbarında stellajda və şkafların rəflərində moda evinə məxsus materiallar və sifarişçidən qəbul olunmuş parçalar saxlanılır. Stellajlar bir neçə hissələrə və gözlüklərə bölünür. Furniturları şkaflarda saxlayırlar.