a) geyimi köklədikdən sonra bədənə geyindirmək lazımdır. Əgər qabaq hissələr ortadan düymələnməli olarsa, onda qabaq hissələr orta xətt boyu elə sancaqlanır ki, onlar bir-birinə uyğun gəlsin. Tikilən parça sürüşkəndirsə, uyğunlaşdırmanı asanlaşdırmaq üçün qabaq və arxa hissələr bir neçə yerdən alt paltara sancaqlanır;
b) uyğunlaşdırma sancaq, sap və tabaşirlə geyimin sağ tərəfində aparılır. Əgər bədən normal fiqurdan fərqlənirsə (çiyinin biri o birindən hündür, kürəyin biri çox qalxmış, budun biri o birinə nisbətən enlidir və s. ) və ya model özü asimmetrikdirsə, onda uyğunlaşdırma fiqurun hər iki tərəfində aparılır;
c) uyğunlaşdırılma vaxtı çiyin tikişinin vəziyyəti müəyyənləşdirilir. Çalışmaq lazımdır ki, tikiş çiyinin ortası ilə düz keçsin və arxa hissənin çiyin kəsiyində yığma həddən artıq çox alınmasın. Kürəkdə çiyin tikişi yaxşı yatmırsa, onu söküb yenidən kökləmək lazımdır;
ç) yan kəsikdə tikişin yeri müəyyənləşdirilir, onun düz alınmasına xüsusi fikir verilir;
d) xiştəyin yönəlişi, uzunluğu və dərinliyi yoxlanılır. Xiştəyin ucu döş mərkəzinə tərəf yönəlmiş olmalıdır;
e) relyef tikişinin, qasmanın və dal ətəyin (əgər varsa) yerləşməsi, cibin yeri və başqa formada olan xətlər yoxlanılır. Əgər lif bel xəttindən kəsilmişdirsə, onda lifdə ətəyinqabaq və arxa hissələrindəki orta xətlərin, yan tikişlərin, xiştək və qasmanın bir-birinə uyğun gəlməsi nəzərdən keçirilir;
ə) boyun və qol yerinin eni, dərinliyi, qabaq kəsiyinin kənarının forması dəqiqləşdirilir. Lazım gəldikdə onlar sağ tərəfdə kəsilib düzəldilir;
f) ilgəyin yeri müəyyənləşdirilir. İlgək yeri düymələnməyə müvafiq nişanlanır. Düymələnmə yeri birbortlu (düymə bir cərgəlidir) və ya ikibortlu, açıq və yaxud bağlı bortlu olur.
Düymələr bircərgəli (birbortlu) olduqda yuxarıyadək düymələnən və ya yuxarısı geriyə qatlanan geyimdə ilgəyi qabaq hissənin sağ tərəfində (kişilər üçün sol tərəfində), düymələnən yerə nisbətən eninə, uzununa və ya çəpinə açmaq olar (modeldən asılı olaraq). Əgər geyimin qabaq hissəsində planka varsa, onda ilgək yalnız uzununa plankanın ortasından açılmalıdır. Yuxarıya qədər düymələnən geyimdə birinci ilgəyin yeri boyun yerindən bortun eni qədər aşağıya ölçülüb nişanlanır. Düymələnən yerin eni düymənin diametrindən asılıdır. Düymənin diametri 1,5 sm və ondan kiçik olduqda düymələnən hissənin eni 1,5-2 sm-dən az olmalıdır. Düymənin diametri 1,5 sm-dən böyük olduqda isə eni elə götürmək lazımdır ki, ilgək düymələndikdə onun kənarından bortun kənarına qədər ən azı düymə diametrinin yarısı qədər məsafə qalsın. İlgəyin uzunluğu düymənin diametrindən 0,2-0,5 sm çox olmalıdır. Əgər düymə qalındırsa, onda əyri parça tikəsindən ilgək açılır və ilgəyin uzunluğu müəyyənləşdirilir.
İkinci ilgəyin yeri köks xəttində, üçüncü ilgəyin yeri isə birinci və ikinci ilgəyin ortasında qeyd edilir. Qalan ilgək yerləri bir-birindən bərabər məsafədə nişanlanır.
Yaxası geriyə qatlanan birbortlu geyimdə birinci ilgəyin yeri qövs xəttindən 2 sm yuxarıda və ya modelə müvafiq qeyd edilir. İlgək bu halda eninə açılır (yaxanın kənarına perpendikulyar). Zolaqlı parçada ilgək uzununa (yaxanın kənarına paralel) açılır. Ikinci ilgəyin yeri bel xəttində, qalan ilgəklər isə birinci ilə ikinci ilgəyin arasında, bir-birindən eyni məsafədə (düymənin diametrindən və ya modeldən asılı olaraq) nişanlanır.
İki cərgə düyməsi (ikibortlu) olan geyimdə düymələmə yeri üçün ilgək eninə (düymələnən hissənin kənarına perpendikulyar), bir və iki cərgədə açılır. Birinci cərgədəki ilgəyin yeri kənardan içəri düymənin diametri qədər ölçülüb nişanlanır. İkinci cərgədəki ilgək isə gərdən xəttindən içəri tərəfə, eyni məsafədə, qabaq kəsikdən birinci ilgək cərgəsinə qədər olan məsafədə açılır.