Közəmə ən geniş yayılmış təmir növlərindən biridir. Material nisbətən az zədələndikdə bundan istifadə edilir. Maşınla közəmə daha məhsuldar və keyfiyyətlidir. Bu üsulu zədələnmiş sahə 5 sm2 olduqda həmin sahəni kəsmədən yerinə yetirirlər. Bunun üçün parçanın tərs tərəfindən zədələnmiş sahənin arxasına ya əsas materialdan ya da əsas parçanın rənginə və quruluşuna uyğun seçilmiş material kəsib yerləşdirirlər. Üz tərəfdən ziq-zaq tikişlə tikirlər. Ən geniş yayılmış təmir növlərindən biri də yaxalığın təmiridir: Köhnəlmiş üst yaxalığı dəyişdirmək. Yaxalığın fasonunu dəyişdirmək. Üst yaxalığı dəyişdirərkən ya əsas parçadan ya da bəzək materialından istifadə edilir. Yaxalığın fasonunu dəyişdikdə isə üst yaxalığı sökür, alt və üst yaxalığı yeni formaya uyğun biçir və yenidən yerinə birləşdirirlər. Ən geniş yayılmış təmir növlərindən biri də geyimin modaya uyğun olaraq uzunluğunu dəyişməkdir. Geyimi uzatmaq üçün tikiş payından, qat xətti köhnəldikdə isə köbədən istifadə edilir. Bundan əlavə əsas materialın rənginə uyğun əlavə bəzək materialından da calaq kimi istifadə etməklə geyimi uzatmaq mümkündür. Məmulatı yeniləmək üçün ciblərin fasonlarını dəyişdirirlər. Məsələn: kəsik çərçivəli cibi listikli cib ilə əvəz edirlər. Üstdən qoyma ciblər çox köhnəldikdə, onu sökür yerinə cibə oxşar relyef tikişi tətbiq edirlər. Bortun, laskanın köhnəlmiş, yeyilmiş kənarının təmiri üçün köbədən istifadə olunur. Bu halda düymə yerləri əllə hörmələnir. Bort lap köhnəldikdə isə tipik üsulla bəzək materialından istifadə edilir. Köbəli ilgəkləri təmir edərkən köbələri yenidən biçib tikirlər. Astarın təmiri zamanı onun zədələnmiş hissələrini kəsib yenisi ilə əvəz edirlər. Əgər astar tam köhnəlib istifadəyə yararsız hala düşərsə, onda onu bütövlükdə yenidən biçib tikirlər. Bəzi hallarda isə ancaq ətək, kürək və qolun aşağısının astarı dəyişdirilir. Kəmərlə hazırlanan müxtəlif çeşidli məmulatların təmirində ən geniş yeri şalvar tutur. Şalvarın ən çox yayılmış təmirlərindən onun eni və uzununun, astarının dəyişdirilməsidir. İkiqat manjetli şalvarın manjeti köhnələrkən onu bir qat manjetlə və ya manjetsiz hazırlayırlar. Şalvarları yeniləyərkən bəzək materialından istifadə edilmir. İstifadə etdikdə belə gərək həmin materialdan gödəkçə və jilet hazırlayasan. Ciblərin astarı köhnəldikdə çox zaman yenisilə əvəz olunur. Çox vaxt şalvarın oturacaq hissəsinin yeyilməsinin qarşısını almaq üçün o hissəyə də astar tikirlər. Geyimləri təmir edərkən daha məhsuldar üsullardan istifadə edilməlidir. Məsələn, əməliyyatların əksəriyyəti yapışqanla bərkitmə üsulundan və yapışqanlı araqatı materialının istifadəsinə üstünlük verilməlidir.
• Geyimin təzələnməsi zamanı yenidən biçilmə və təmir üsulları. Geyimlərin təzələnməsi mənəvi cəhətdən köhnəlmiş cürbəcür geyimlərin müasir modaya uyğun olaraq düzəldilməsidir. Geyimləri yeniləyərkən onların bütün hissələrini ya yenidən biçir, ya da ki, bəzi hissələrini biçərək dəyişdirirlər. Çeşidi bəzən də yeniləyirlər. Məsələn: paltodan, jaket, pencək, gödəkcə, jilet, sarafan; paltardansarafan, köynək, jaket və s. hazırlayırlar. Geyimləri yeniləyərkən onu yenidən biçməklə ya parçanı o biri üzünə çevirir, ya da çevirmədən tikirlər. Geyimləri təmir edərkən və yeniləyərkən cürbəcür bəzək elementlərindən istifadə olunur: bəzək materialları, naxış, applikasiya, köbə, tesma, metal furnitur və s. Əksər hallarda geyimləri yeniləyərkən bəzək materiallarından istifadə edirlər. Köhnəlmiş, dağılmış qolun aşağısı, bortun kənarı, cibləri və s. əlavə parçadan biçilir və tikilir. Dağılmış yerləri və hissələri dəyişdirmək və gizlətmək üçün bəzək materiallarından istifadə etməklə geyimə yeni forma və mütənasiblik vermək olur. Müxtəlif rəngli parçaları bir-birinə uyğunlaşdırmaqla yeni məmulatlar alınır. Yeni materiallardan hazırlanmış manjetlər, qollar, yaxalıq, planka, koketka, xlyastik və s. hissələr nəinki geyimin köhnəlmiş hissəsinin üzərini örtür, həm də geyimin ölçüsünü dəyişdirməyə və ona müasir görünüş verməyə də imkan verir. Geyimləri yeniləyərkən müxtəlif naxışlardan istifadə edirlər. Hissələri yenidən biçərkən tikişlərə aşağıda göstərilən ölçüdə minimal tikiş payı verilir: çiyin, yan, qol tikişi - 0,7 sm; qolun qabaq tikişi, yaxalıq - 0,5 sm.