Ətək qadın və qızlar üçün geyim dəstinin bir hissəsi və ya ayrılıqda geyim kimi qəbul edilə bilər (Şəkil 2.1). Müasir ətəklər formasına və görünüşünə görə müxtəliflik təşkil edir: dar düz, aşağıya doğru bir balaca enli (trapesiya şəkilli), əksinə aşağıya doğru ensiz; düz enli büzmələrlə, müxtəlif görünüşlü qatlamalarla - ardıcıl, qarşılıqlı, bant şəkilli, klyoş, klinlərlə, qofre, plisse və s.
Hər bir ətəyə formasını saxlamaqla dəyişiklik və əlavələr (relyef tikişləri, koketkalar, kəsik və qatlamalar, üstdən qoyma ciblər və s. ) edilə bilər. Tikişin sayından asılı olaraq ətəklər bir, iki, üç və çoxtikişli ola bilər. Ətəyin yuxarı hissəsi də kəmərlə və karsaj lenti ilə hazırlanır. Hal-hazırda ətəyin bağlama yeri “molniya” zərcirbəndi ilə hazırlanır.
Hal-hazırda qadın və qızlar üçün şalvarlar çox dəbdə olan geyim növüdür. Müasir şalvarların forma və biçimləri çox müxtəlif və rəngarəngdir. Şalvarların çox uzunluqlarına görə şərti adlar verilmişdir. Məsələn, qolf - uzunluğu dizdən aşağı, baldırın mərkəzinə qədər; bermud - uzunluğu dizə qədər, şort - uzunluğu omba mərkəzinə qədər ; mərkəzi hissəsində geniş aşağı və yuxarı hissə dar olan şalvara isə banan adı verilmişdir. Şalvarların görünüşləri və modelləri müxtəlif olmalarına baxmayaraq, hazırlanma təqribən eyni gedir. Yuxarı kəsik kəmərlə hazırlanır, bağlama yeri istər yanda, istərsə də qabaqda “molniya” zəncirbəndi ilə,düymə isə ilgək vasitəsilə yerinə yetirilir.