Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Seçilmiş modaya uyğun olaraq bel geyimlərini hazırlamaq üçün avadanlıqları seçir”
|
Təyinatından, modelindən, konstruksiyasından və parçanın çeşidindən asılı olaraq şalvarlar müxtəlif olur. Lakin, hamısının hazırlanma ardıcıllığı eynidir. Əvvəlcə əsas hissələr (qabaq və arxa hissələr, ilgək yeri, düymə yeri, kəmər, körpü), sonra isə cib, miyança, bel yeri, balaq işlənilir və tamamlama əməliyyatları aparılır.
Konstruksiyasına görə şalvar kəmərlə, ilgək yeri və düymə yeri ilə birlikdə biçilən və ayrı biçilən, yan tikişli və yan tikişsiz (arxa və qabaq hissəsi bütöv biçilən), balağı manjetli və manjetsiz, cibləri müxtəlif yönəlişdə olur. Şalvarın əsas hissəsinin işlənilməsinə: qarsaqlar, qasmalar və nəmlənib-isidilmə əməliyyatı daxildir. Şalvarın qabaq hissəsi müxtəlif fasonda hazırlanır: bir və ya iki qarsaqlı, yaxud qasmalı olur. Onlar palto və pencəyin qabaq və arxa hissəsində və başqa geyimlərdə olan qarsaq və qasmalar kimi icra edilir. Bəzi modellərdə qarsaqla işlənən zaman şalvarın sol tərəfində saat cibi tikilir. Şalvarın qabaq hissəsinin kəsiyi ütülənir, yığma və qasma isə bir tərəfə yatırdılır.
Kişi yun şalvarının qabaq hissəsinə diz yerinin dartılmasının və tez süzülüb yırtılmasının qarşısını almaq üçün ipək astarlıq parçadan astar salınır. Pambıq parçadan hazırlanan şalvarın qabaq hissəsinin diz yerinə astar qoyulmur. Astarlıq parça şalvarın qabaq hissəsinin diz sahəsində üzdən 5-10 mm ensiz və balaqdan 150-200 mm qısa biçilir. Astarın balaq kəsiyi iki dəfə: əvvəlcə 7 mm, sonra isə 10 mm enində içəri qatlanır. Birinci qatlamanın kənarından 1-2 mm aralı universal maşında baxyalanır və ya qatlanmadan xüsusi maşında ilməklənir, yaxud astarın balağı xüsusi tərtibatla 4 mm dərinlikdə ziq-zaq şəkilli kəsilir (Şəkil 2.7, ç). Qabaq hissəyə salınan astarlıq parçanın sonra qısalmaması (əməliyyat zamanı və geyiləndə) üçün o, nəmlənib ütülənir, ya da Cs-371 KM+12-20 markalı düz yastıqlı universal presdə dekatirovka əməliyyatı aparılır. Qabaq hissənin sol tərəfində (əgər konstruksiyada varsa) miyança kəsiyindən 7-10 mm aralı yapışqanlı kromka qoyulur. Yapışqansız kromka isə astarla qabaq kəsiyin çevrilən tikişi ilə birlikdə azacıq dartılmaqla tikilir. Bu iş elə görülməlidir ki, kromkanın ucu miyança çərtiyindən 20 mm aşağı düşsün. Kromkanı miyançanın yalnız qövsvari hissəsinin kənarına qoymaq olar. Belə olduqda, kromkanın ucu çərtikdən 30-50 mm yuxarıya keçməlidir.