Qatlamaların növündən və görünüşündən asılı olmayaraq, onların hazırlanma metodu eynidir. Qatlamaların eni parça üzərində qeyd edilir. Bu, santimetr lenti və ya ülgü vasitəsilə edilə bilər. Sonra qatlamalar düzünə kök tikişi ilə köklənilir və üstü nəmləndirmə vasitəsilə ütülənilir. Qatlamaların üzərində müəyyən edilmiş modelə görə bəzək tikişi vurulur, kök tikişləri sökülür. Bundan başqa, yubkalarda qatlamalar birləşdirici və üstdən bəzək tikişli hazırlana bilər. Astar tərəfdən qatlamanın mərkəzi müəyyən edilir (ülgü və ya santimetr lenti vasitəsilə) və qatlamanın eni təyin edilir. Modelə görə müəyyən edilmiş qatlama əvvəlcə düzünə kök tikişi ilə köklənilir və kök tikişindəki 0,1 sm məsafədə maşında tikilir. Qatlama bir tərəfə və ya qarşılıqlı ola bilər. Nəmlənib-isidilmə əməliyyatı vasitəsilə bir tərəfli qatlama bir tərəfə, qarşılıqlı qatlama isə iki tərəfə qatlanaraq ütülənilir. Sonra üst bəzək tikişinin eni modelə görə birtərəfli qatlamada bir tərəfdə, qarşılıqlı qatlamada isə hər iki tərəfdə tabaşir və xətkeş vasitəsilə qeyd edilir və aşağı bucaq altında nəticələnir. Qeyd olunmuş xəttin üzəri ilə bir və ya paralel iki tikişlə üz tərəfdən bəzək tikişi vurulur. Bundan başqa, müasir ətəklikləri birləşdirici, eyni zamanda, qarşılıqlı və ya bir tərəfə olan, üstdən bəzək tikişi ilə nəticələnərək qatlamalı element ilə də hazırlamaq olar. Bir tərəfli qatlamada astar tərəfdə ülgü vasitəsilə və ya santimetr lenti ilə qatlamanın qat xətti qeyd edilir, kənar tərəfdən 1 sm məsafədə qatlamanın bir tərəfi və eləcə də, ətəyin birləşdirici tikişi yerinə yetirilir. Sonra qatlamanın digər boş qalan hissəsi maşında tikilir. Qarşılıqlı qatlamalı və eyni zamanda, hissənin birləşdirmə tikişi ilə hazırlanan ətəklərdə isə qatlamanın eni qədər əsas parçadan zolaq biçilir və hər iki tərəfdən qatlamanın tikiş payına 1 sm məsafədə əvvəlcə köklənilir, sonra isə maşında tikilir. Sonra qatlamanın müəyyənləşdirilmiş eni maşında tikilir.
Bir tərəfli və qarşılıqlı qatlamaya üst tərəfdən müəyyən edilmiş və ya modelə görə bəzək tikişi vurulur. Bəzək tikişi ikiiynəli maşında paralel tikişlə yerinə yetirilə bilər. Bir tərəfli qatlama bir tərəfə, qarşılıqlı qatlama isə iki tərəfə açaraq nəm parça vasitəsilə ütülənir. Mürəkkəb konfıqurasiyalı bir tərəfli qatlamanın hazırlanması, eyni zamanda birləşdirici tikişin yerinə yetirilməsi üçün konfiqurasiya xətti müəyyənləşdirilir. Qeyd olunmuş xətt üzrə qatlamanın kənarı 1 sm tikiş payı saxlanılmaqla kəsilir. Həmin xəttə görə qatlamanın alt hissəsi kəsilir və üz-üzə qoyularaq 0,7 sm məsafədə birləşdirilir. Küncdə tikiş payı kəsilir, 0,2 sm saxlanılır. Üz tərəfə çevirib alt tərəfdə kant əmələ gətirməklə, nəmlənib-isidilmə vasitəsilə əvvəlcə tikiş, sonra isə qatlama ütülənilir. Əvvəlcə kənar kəsiklər üz-üzə qoyularaq 1 sm məsafədə, sonra isə boş qalan qatlamanın digər hissəsi maşında tikilir. Üz tərəfdən bəzək tikişinin eni təyin edilir və tikilir. Hazır qatlama nəm parça vasitəsilə üz tərəfdən ütülənir. Ətəklərdə bağlama yeri müxtəlif üsul ilə hazırlana bilər: köbələrlə, açıq və gizli “molniya” zəncirbəndi ilə sol yan tikişdə, qatlamaların və bəzək tikişinin daxilində, arxada mərkəzdə və s.
• Müxtəlif formalı kəmərlərin hazırlanması
Ətəyin yuxarı kəsiyinin hazırlanması. Ətəyin yuxarı kəsiyi müxtəlif üsullarla hazırlana bilər. Bu üsullardan biz ikisini nəzərdən keçirəcəyik.