Bundan başqa konstruksiyanın əsas xüsusiyyətlərini, geyim hissələrinin ümumi şəklini, ölçüsünü və konstruktiv xətlərin istiqamətini müəyyənləşdirmək də lazımdır. Əsas hissələrin (qabaq və arxa hissələr, qol və yaxalıq) konstruktiv xüsusiyyətləri bütün geyimlərdə demək olar ki, eynidir. Məsələn: palto, pencək, jaket, gödəkcə, plaş kimi geyimlərin əsas hissələrini qabaq və arxa hissələr, qol və yaxalıq təşkil edir (Şəkil 1.1).
Arxa hissə (Şəkil 1.1, I) kəsik və xətlərin adı: 1-2 – çiyin kəsiyi, 2-3 – qol yerinin kəsiyi, 3-4 – yan kəsik, 4-5 – ətək kəsiyi, 5-6 – yamşaq kəsiyi, 6-7 – yamşağın bəndlənmə kəsiyi, 7-8 – arxa hissənin orta kəsiyi, 8-1 – boyun yeri, a-b – arxa hissə ətəyinin qatlanma xətti, c-ç – yamşaq payının qatlanma xətti.
Qabaq hissə (Şəkil 1.1, II) kəsik və xətlərin adı: 1-2 – çiyin kəsiyi, 2-3 – boyun yeri, 3-4 – yaxa kəsiyi, 4-5 – bort kəsiyi, 5-6 – ətək kəsiyi, 6-7 – yan kəsik, 7-1 – qol yerinin kəsiyi, a-3 – yaxanın qatlanma xəttindən yaxa çıxıntısı ilə yaxalığın birləşmə nöqtəsinə qədər olan sahə, a-b – yaxanın qatlanma xətti, 3-c – gərdən xətti, ç-d – ətəyin qatlanma xətti.
Qolun üst hissəsi (Şəkil 1.1, III) kəsiklərinin adları və xətləri: 1-2 – qolun çiyin sahəsi, 2-3 – qabaq kəsik, 3-4 – qol ağzının kəsiyi, 4-5 – yamşaq payının yan kəsiyi, 6-1 – dirsək kəsiyi, a-b – qolun qabaq aşırımı, c-ç – qol ağzının qatlanma xətti, e-d – yamşaq payının qatlanma xətti, g-ğ – dirsək xəttinin aşırımı.
Qolun alt hissəsi (Şəkil 1.1, IV) kəsiklərinin adları və xətləri: 1-2 – yuxarı kəsik, 2-3 – qabaq kəsik, 3-4 – qol ağzının kəsiyi, 4-5 – yamşaq payının yan kəsiyi, 6-1 – dirsək kəsiyi, a-b – qol ağzının qatlanma xətti.