Geyimlərdə qabaq hissənin ilkin hazırlanması birləşdirici tikişləri, qarsağı, qatları icra etməkdən, astarsız və ya astarlı geyimlərdəki (sapı asan sökülən parçalarda) kəsikləri ilməkləməkdən və haşiyələməkdən ibarətdir. Qabaq hissənin yançağı olduqda bu hissələr əvvəlcə birləşdirici və yapışdırıcı tikişlə (və ya başqa üsulla) bir-birinə calanır. Bunun üçün calağın kəsiyi qabaq hissənin yan kəsiyinə (üz tərəfləri içəri olmaqla) bərabərləşdirilir, nəzarət çərtikləri uyğunlaşdırılır və qol yerindən başlayaraq qabaq hissə tərəfdən yönəldici xətkeşlə, kəsikdən 1 sm aralı məsafədə tikilir. Sonra tikiş payı ütü və ya preslə açılır. Əgər tikiş bir tərəfə yatan və ya baxyalanmalı olarsa, onda tikiş payı borta tərəf ütülənərək yatırdılır və baxyalanır. Geyim bədənə yatan siluetdə hazırlandıqda qabaq hissənin yan kəsiyi (bel yeri səviyyəsində) ütü və ya xüsusi yastıqlı presdə lazımı qədər dartılır. Bu zaman qabaq hissənin hər iki tərəfini üz-üzə qoyub əvvəlcə bir tərəfi, sonra isə digər tərəfi dartmaq (yan kəsiyi düzələnə qədər) lazımdır. Qabaq və arxa hissənin qol yerində və boyun kəsiyində konfiqurasiyanın pozulmaması üçün kəsiklərə məkik toxumalı maşınla nazik tesma bəndlənir. Tikiş çiyin kəsiyindən başlanır. Qabaq hissənin bir tayında tikiş üz tərəfindən, o biri tayında isə tərs üzü tərəfdən salınır.
Arxa hissənin orta kəsikləri bərkidici tikişlə boyun kəsiyindən başlayaraq 597-M sinif (OZLM) maşınında birləşdirilir.
Kəsiklərində əyrilik çox olmayan hissələri bərkidici tikişlə işləmək üçün 744 sinif “Dyurkopp” firmasının (Almaniya) yanmavtomat maşınından istifadə olunur. Bu yarımavtomatla qabaq hissənin yançağı, arxa hissənin orta kəsiyi və qolun dirsək kəsiyi işlənilir. İşçi hissəni şablonun dayaqlarına qoymaq, şablonu bağlamaq və maşını qoşmaq lazımdır. Yarımavtomat ikisaplı zəncirvari toxumalı bərkidici tikişlə hissələri birləşdirir, sapı kəsir, hazır hissəni yığma sahəsinə aparır və şablonu işçi sahəsinə qaytarır. Yığılmış hazır hissə dəstini işçi götürür.
Hissələri birləşdiriləndə qabaq və arxa hissələrdə olan naxışların uyğunluğuna və tən gəlmələrinə nəzarət edilməlidir.
Geyimin qabaq hissəsinə lazımı forma vermək üçün qarsaqdan və bütöv yığmadan istifadə olunur (Şəkil 3.37).
Qarsaq (yığmanın) kəsiyi bərabərləşdirilir və 7 mm enində bərkidici tikişlə icra edilir. Tikiş ensizləşdirilərək yığmanın sonunda 10-15 mm aşağıya keçəndən sonra tədricən yox olur. Qarsağın ucu irəli-geri tikilməklə bəndlənir. Bu halda tikişin altına 50-60 mm uzunluğunda parça (yun, pambıq, flizelin və s. ) qırığı qoyulur (Şəkil 3.37, c). Yığmanın tikişi 1-15 mm aşağı keçdiyi üçün parça qırığının kənarı yığmanın tuşunda çərtilir. Əgər yığma çiyin kəsiyindədirsə, onda tikiş açılır (Şəkil 3.37, ə) və boyun tərəfə ütülənir. Eyni zamanda alınmış boşluq aradan qaldırılır. Parça qırığı əvəzinə yapışqanlı parçadan da istifadə etmək olar.
Cod material, yaxud süni və təbii dəri olduqda, həmçinin modeldə nəzərdə tutulduqda, qarsaqlı və qarsaqsız yığmanı tikiş boyu bəndləmə və ya yapışdırıcı tikişlə (modelin tələblərinə uyğun olaraq) 1-2 mm məsafədə icra etmək olar. Qarsağı bütöv kəsilməmiş (Şəkil 3.37, ç, d, e, g, ğ) hissənin tərs üzündə köməkçi ülgü vasitəsilə tikiş xətti qeyd edilir. Çərtiklər bərabərləşdirilir və elə tikilir ki, qarsağın sonundan 10-15 mm keçəndən sonra tikiş tamamilə itsin, yaxud yığmanın tikişi modeldə nəzərdə tutulduqda,qarsaq bir tərəfə yatırdılır və ya açılıb ütülənir (Şəkil 3.37, ə, g). Açılıb ütüləndikdə tikiş payının orta xətti birləşdirici tikişin üzərinə düşməlidir.
Əlavə parça qoyulub tikilən bütöv qarsaqların tikişi də açılıb bu (Şəkil3. 37e, g, ğ) və ya digər tərəfə ütülənir. Qarsaq tikişi bir tərəfə yatırdılmaqla, əlavə parçanın və qarsağın ucundakı boşluq ütülənməklə ləğv edilir. Astarlı geyimlərdə belə boşluqları aradan qaldırmaq və qırışan yerləri hamarlayıb möhkəmləndirmək üçün qarsaqların ucuna üzü yapışqanlı parça yapışdırmaq məsləhətdir. Qarsaqlar xüsusi yastıqlı preslərdə və ya ütü ilə ütülənir.