Təlim nəticəsi 3: Hazır geyimdə son nəmlənib-isidilmə əməliyyatlarını (NİƏ) yerinə yetirir və məmulatı sifarişçiyə təqdim edir
3.1.1. Geyimi saplardan və tabaşir tozlarından təmizləyir
• | Geyimdə son tamamlama işləri |
Üst geyimlərində tamamlama işləri böyük əhəmiyyət kəsb edir. Onun hazırlanmasında tamamlama işlərinə ilgək yerlərinin nişanlanması və ilməklənməsi, geyimin təmizlənməsi, ütülənməsi, düymələrin tikilməsi və sapdan ilgək düzəldilməsi, məmulatın keyfiyyətinin yoxlanması və markalanması daxildir.
Üst geyimlərin axırıncı tamamlama əməliyyatında mexanikləşdirilmiş və avtomatlaşdırılmış avadanlıqlardan istifadə edilir. Onlardan maksimum istifadə edilməsini təmin etmək, bu işlə məşğul olan işçilərin əmək şəraitini yaxşılaşdırmaq və bir neçə axına, hətta müəssisəyə xidmət etmək üçün ayrı sərbəst sahə ayırmaq lazımdır.
İlgəyin yeri modelə müvafiq köməkçi ülgü ilə nişanlanır və xüsusi maşında ilməkləmək olar.
Geyimlərin təmizlənməsi dedikdə, onların astar və üz tərəflərindəki kökləmə sapları, sapların ucu, talon və tabaşir izlərinin şotka və ya başqa vasitələrlə (mexaniki şotka ilə) təmizlənməsi nəzərdə tutulur. Geyimlər üz tərəfdən, adətən, əl ilə, mexanikləşdirilmiş şotka ilə təmizlənir. Sonra son nəmlənib- isidilmə əməliyyatı aparılır. Bu işdə texniki tələblərə əməl etmək olduqca vacibdir. Çünki, məmulatın keyfiyyətli və xarici görünüşünün cəlbedici olması tamamlama işlərindən çox asılıdır. İş nə qədər dəqiq və texniki tələblərə uyğun yerinə yetirilərsə, hazır geyimin keyfiyyəti də bir o qədər yüksək olur. Son tamamlama əməliyyatında hissələrin kənarlarının parlaqlığının aradan qaldırılması, ləkələrin təmizlənməsi kimi mühüm texnoloji proseslər yerinə yetirilir.
Tikiş məmulatının tamamlama işlərində müxtəlif avadanlıqlar: preslər, sorma-vakuumu olan pardaqlayıcı buxar və elektrik-buxar ütüləri, xüsusi ütü taxtaları, ütü kötükləri və s. tətbiq edilir. Sorma- vakuumdan hazır geyim və ya yarımfabrikatda artıq nəmliyi aradan götürmək və onları soyutmaq üçün istifadə edilir.
Paltoda (pencək və jaketdə) sonuncu ütülümə əməliyyatının ardıclılığı aşağıdakı kimidir: geyimin cib, yığma, yan və arxa hissələrin orta tikişi, qabaq hissənin qabarıq sahəsi, bortu, yaxası, ətəyi, çiyin tikişi, qolları və qol dairəsinin yuxarı hissəsi.
3.1.2. Tələbələr üçün fəaliyyətlər
• | Rol oyunları vasitəsilə Istehsalat təlimində hazırladığınız geyimdə tamamlama əməliyyatını yerinə yetirin. |
• | Tamamlama əməliyyatında istifadə olunan avadanlıqlar və onların funksiyaları haqqında təqdimat edin. |
• | Paltoda sonuncu ütüləmə əməliyyatının ardıcıllığı haqqında müzakirələr edin. |
• | Məmulatda tamamlama əməliyyatı zamanı təhlükəsizlik texnikası qaydaları haqqında rol oyunları vasitəsilə təqdimat edin. |
3.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Geyimi saplardan və tabaşir tozlarından təmizləyir”
• Üst geyimlərin sonuncu tamamlama əməliyyatında hansı avadanlıqlardan istifadə edilir?
• Geyimdə ilgək yeri nəyə əsasən və necə qeyd edilir?
• Geyimlərin təmizlənməsi dedikdə nə başa düşülür?
• Geyimlər üz tərəfdən nə ilə təmizlənir?
• Son tamamlama işində hansı texnoloji proseslər yerinə yetirilir?