1.5.1. Modelə sərf ediləcək əsas və köməkçi materialları müəyyən edir
● Geyimdə əsas və köməkçi materiallar
Dərzi yaratdığı modelin uğurlu olması üçün materiallar və onların xassələri haqqında geniş
biliyə malik olmalıdır.
Geyim məmulatlarının təyinatinda asılı olaraq, istehsal zamanı yun, ipək, pambıq, kətan, süni, sintetik parçaların geniş növlərindən istifadə olunur.
Geyim məmulatlarının hazırlanmasında istifadə edilən bütün materialları məqsədli təyinatına görə altı qrupa bölürlər: furniturlar, bəzək materialları, .əsas materiallar, aralıq materialları, istiliksaxlayan materiallar, hissələrin birləşdirilməsi üçün olan materiallar.
Geyimlərin bütün üz və astar detallarının hazırlanması zamanı istifadə olunan materiallar əsas materiallar adlanır. Bunlar parçalar, trikotaj polotnosu, toxunmamış materiallar, kompleks materiallar, gön və xəzlərdir.
Geyimdə furniturların düzgün seçilməsi də çox vacib məsələlərdən biridir.Beləki, furnitur geyimin təyinatına, mövsümünə, təsnifatına, müasir dəbin tələbinə və hazırlandığı materiala uyğun seçilməlidir. Geyimlər hazırlanan zaman materialları yaş xüsusiyyətinə, mövsümə və təyinatına görə seçmək lazımdır. Həmçinin, materialın qalınlığını, yumşaqlığını, elastikliyini, formanı qoruyub saxlama xüsusiyyətini nəzərə almaq lazımdır.
Üst geyimləri hazırlayarkən onlara davamlı həcmli forma vermək, məmulatın ayrı-ayrı hissələrini dartılmadan qorumaq məqsədilə aralıq materiallardan istifadə olunur. Üst geyimlər hazırlanan zaman məmulatın yaxalıq, ətək və digər detallarında üst materialı ilə astar arasında xüsusi aralıq materialı yerləşdirilir ki, bu da bərkliyi, həmin detalların formasının kifayət qədər saxlanmasına xidmət edir. Aralıq materialı kimi yarımyun, pambıq, kətan, toxunmamış materiallardan istifadə edilir.
Qış təyinatlı geyimlərin hazırlanmasında istiliksaxlayan materiallardan (pambıq, satin, prolon və s.) istifadə olunur. İstilikverici aralıq materialı kimi təbii və süni xəzlər az hallarda istifadə edilir.
Pambıq, ipək və kimyəvi saplardan geyim hissələrinin birləşdirilməsi üçün istifadə edilir.
1.5.2. Tələbələr üçün fəaliyyətlər
● Müəllim tərəfindən lövhədə yazılmış mövzuya aid sualları cavablandırın. Sonra verilən cavablar
ətrafında müzakirələr və təhlillər aparın.
● “Geyimdə əsas və köməkçi materiallar” haqqında təqdimat hazırlayın. Təqdimat üzrə müzakirələr
və təhlillər aparın.
● 2 qrupa bölünün.Hər iki qrupa “Üst geyimlərdə əsas və köməkçi materiallar”, ”Yüngül geyimlərdə
əsas və köməkçi materiallar” tapşırıqları yazılmış iri kağızlar paylanır. 20 dəqiqə ərzində
tədqiqat apararaq verilmiş tapşırıqları yerinə yetirin.Vaxt bitdikdə hər iki qrup tərəfindən
seçilmiş liderlər öz tədqiqatlarını nümayiş etdirdikdən sonra müzakirələr təşkil edin.
● Stolun üstündəki əsas və köməkçi materialların adı yazılmış ağ kağızlardan birini götürüb
onları xüsusiyyətləri ilə təsvir edin.
● Müəllim “materiallar” mövzusunda tələbələri auksionun keçirilmə qaydaları haqqında
təlimatlandırır. Tələbələr geyimdə istifadə olunan materialları ardıcıl söyləyir, hər bir
fikirdən sonra müəllim sayır: 1, 2, 3, , , , Sonuncu materialın adını söyləyən tələbə qalib
sayılır.