2.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
”Geyimin layihələndirilməsi zamanı bədii hissəni təsvir edir”
• Geyimin bədii layihəsi dedikdə nə başa düşürsünüz?
• Bədii layihə ilə hansı mütəxəssis məşğul olur?
• Bədii layihəni hazırlamaq üçün hansı bacarıqlar və biliklər olmalıdır?
• Hər hansı bir qadın dəstinin bədii layihəsini-eskizini çək.
• Hər hansı bir kişi geyiminin bədii layihəsini hazırla.
2.3.1. Geyimin layihələndirilməsi zamanı texniki hissəni izah edir
• Texniki layihələndirmə
Geyimin layihələndirilməsinin texniki hissəsi ilə konstruktorlar məşğul olur və məmulatın quruluşu yaradıcı surətdə qabaqcadan müəyyənləşdirilir.
Bu mərhələdə həll olunan əsas məsələ modelin müstəvi üzərində açılışını almaqdan ibarətdir.Modelin ayrı-ayrı hissələri düz səthdə, yəni müstəvi üzərində yerləşdirilir.Bu düz səthli hissələrə qarsaqlar, relyeflər, koketkalar, müxtəlif kəsiklər, tikişlər vasitəsilə bədənin forması verilir.Hissələrin sayı, ölçüsü, yerləşdirilməsi, məmulatın bu və ya digər sahəsində materialın görünüşü, hissələrin görünüşü, hissələrin birləşdirilməsi elə olmalıdır ki, məmulat insanın fiqurasına yaxşı otursun.Hazırlanacaq geyim orqanizmin həyat fəaliyyəti üçün normal şəraiti, rahatlığı, istismar zamanı etibarlılığı, istehsalat üçün faydalılığı təmin etməlidir.
Bədii və texniki konstruksiya vahid, ayrılmaz bir prosesdir və məmulatın keyfiyyətinin yüksəldilməsi üçün güclü vasitədir.Texniki təsvirdə modelin fotoşəkli və modelin bədii texniki təsviri, əsas və astarlıq parçanın adı, lifin tərkibi, rəngi və furnitur haqqında məlumat olmalıdır.
Modelin texniki təsviri-Ağ rəngli astarlı qadın qış paltosu. Palto xalis yun parçadan hazırlanmışdır.Geyimin forma silueti yarımyapışıq və ikibortludur.Bel və çiyin xətləri fiqurada təbii vəziyyətində yerləşir. Palto 6 düymə-ilgəklə 2 sıra düymələnir.Paltonun uzunluğu dizdən aşağıdır.Yaxalığı şal yaxalıq, qolun dirsək tikişində yamşağı olan iki tikişli qoldan ibarətdir. Yamşaq 4 düymə ilə bəndlənmişdir. Paltonun ətək hissəsində çiyindən başlayan relyef qarsaqları və relyef tikişində ciblər yerləşdirilmişdir.Kürək hissə orta tikişsiz, çiyindən ətəyə qədər uzanan hissə isə relyef tikişlidir. Çiyindən başlayan relyef tikişləri kürəyə fason verir.
Geyim konstruksiya edildikdə aşağıdakılar nəzərə alınmalıdır:
1. Geyimin görünüşü, hansı məqsədlə istifadə edilməsi, ona qoyulan tələblər.
2. Hansı parçadan tikilməsi
3. Geyimin siluet forması
4. Əsas hissələrin forması və ölçüləri
5. Əsas hissələrin birləşdirilməsi.