Təlim nəticəsi 4: Eskizə əsasən hesablamalar aparmağı və çertyoju qurmağı bacarır
4.1.1.
Eskizə əsasən texniki və dekorativ payları müəyyən edir
● Texniki və dekorativ paylar
Geyim insan bədəninə rahat nəfəs almağa imkan verməli, onun hərəkətinə maneçilik
törətməməli, bədən ətrafında istiliyi tənzimləyən hava qatı üçün
müəyyən boşluq olmalıdır.
İnsan bədəninin statik vəziyyətində (şaquli halda, sərbəst) çiyin məmulatı boyun sahəsinə, çiyin, kürək və qabaq hissənin yuxarı hissəsinə (başqa sahəyə nisbətən) bərabər və kip yatır. Bədənin yuxarı hissəsinin səthinə “yuxarı dayaq səthi” deyilir. Geyimdə də həmin sahəyə “dayaq” yaxud “statik əlaqəli səth ”deyilir.
Əgər geyim ölçü göstəricilərinə əlavə pay və artım vermədən hazırlansa, bədənə kip yapışmış kimi olar, çünki ölçü zamanı lent bədənin ölçülən nöqtələrinin qabarıq yerlərinə yatır. Bu zaman nöqtələrarası çökəkliklər nəzərə alınmır, bu da geyimin dar və geyilməyə yararsız olması ilə nəticələnir. Buna görə də geyimləri lazımi tələblərə müvafiq hazırlamaq üçün bədəndən alınmış ölçü göstəricilərinə əlavə pay və artım verilir.
Geyimin daxili ölçü göstəriciləri ilə bədəndən götürülmüş göstəricilər arasındakı fərqə əlavə və ya sərbəstlik payı deyilir. Sərbəstlik üçün əlavə payın - ƏPsərbəst özü texniki əlavə paya ƏPt və konstruktiv-dekorativ əlavə paya ƏPdk bölünür:
ƏPsərbəst= ƏPt + ƏPdk
Sərbəstlik payının miqdarından asılı olaraq geyimin silueti də dəyişir. Buradan belə nəticəyə gəlmək olar ki, geyimin konstruktiv xətlərinin ölçüləri insan bədənindən götürülmüş ölçü ilə qəbul edilmiş əlavə payların cəminə bərabərdir.
● Texniki əlavə pay ƏPt - parçanın qalınlığına görə sərbəst hərəkət və nəfəs almaq üçün kiçik kompleks əlavə pay hesab edilir. Nəfəs aldıqda döş qəfəsi 2-3 sm genişlənir. Fiquranın vəziyyətini dəyişdirdikdə hərəkət vaxtı bədənin ayrı-ayrı hissələrində ölçü sərbəst vəziyyətə nisbətən artır və ya azalır. Bədən qabağa əyildikdə arxa hissə, arxaya qatlandıqda isə qabaq hissə qısalır. Qolları geriyə açdıqda döş qəfəsi genişlənir. Qolu dirsəkdən qatladıqda onun arxadan uzunluğu artır və s. Bədəndə alınan bu dəyişikliklərdən sərbəst nəfəs almaq və hərəkət etmək üçün geyimlərə sərbəstlik payı - əlavə pay verilir.
Əlavə pay geyimin konstruksiyasını layihələndirdikdə üç sahədə verilir:
a) dairəvi ölçüdə -bel və omba yarımdairəsinə, çiyin dairəsinə;
b) enlilik ölçüsünə - arxa hissənin eninə, döşdə və arxa hissədəki boyun yerinin eninə və hündürlüyünə;
c) arxa və qabaq hissələrin qol yerinin dərinliyinə (uzadılmasına).
Bunlardan başqa ülgünü hazırladıqda, fərdi ölçü çıxartdıqda və ya ülgünü parçanın üstünə qoyub onun konstruktiv xətlərini çəkdikdə, həmin geyimin altında qalan geyimlərin qalınlığı “Paketi” nəzərə alınmalıdır.
Əlavə paydan başqa, geyimin konstruksiyasına əlavə artım da verilir. Belə ki, toxuculuq sənayesində parçanın tam qısalması - “girmə” üçün müəyyən miqdar faizlə artım nəzərdə tutulur. Tikiş istehsalında isə parça işlənilmə prosesində qısaldığı üçün onun miqdarının 50%-ə qədəri ülgü çertyojunu quranda hissənin uzunluğuna əlavə artırılır.
Əgər parçanın tam qısalması üçün 3% nəzərdə tutulmuşdursa, onda ülgüdə əlavə artım ƏA 1, 5% olur. Əlavə artım belə paylanır:
- arxa hissənin uzunluğuna boyun yerindən ətəyə qədər AƏ, BÇo, BA0 sahəsində (Şəkil 34);
- qolun OD, OA sahəsində;
- ətəyin BƏ sahəsində;
- şalvarın BD, BƏ sahəsinə əlavə artırılır.
Qabaq hissədə parçanın qısalması üçün ƏA - əlavə artım qısalma miqdarı 65% nəzərdə tutulur, yəni qabaq hissənin sahəsində B4 D1 (B04 D), B6D1A3, B6D1A31, B4Ə5 (B04Ə5) tam qısalma miqdarı üçün 3% nəzərdə tutulmuşdursa, əlavə artım ƏA - 2% olur.