Hörmətli oxucu!
Yemək bişirilərkən istifadə edilən məhsullar sağlam və təbii olmalıdır. Yeməkləri bişirən zaman mövsümə uyğun hazırlanması və dadına baxılması mütləqdir. Yeməyin mümkün qədər ləzzətli olmasına gəlincə, duzdan düzgün qaydada istifadə edilməlidir.
Hazırki modulda bir çox məsələlərə nəzər yetirilmişdir. Yeməyin hazırlanması üçün zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul, 4 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış, verilən məzmunun möhkəmləndirilməsi üçün “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində təhsilalanlara yemək növünə uyğun olaraq inqrediyentlərin emal emal edilməsi zamanı istifadə olunan əsas faktorlar qeyd edilmişdir. Qida məhsulları qida zəncirinin bütün mərhələlərində, insan istehlakı üçün yararsız, sağlamlıq üçün zərərli və ya insan tərəfindən istehlakını qeyri-mümkün edəcək çirklənmədən mühafizə olunmalıdır.
İkinci təlim nəticəsində reseptə uyğun olaraq yeməyin bişirilməsi zamanı öz dadını qorumasına təsir edən amillərin məcmusu məsələsi vurğulanır. Əsas inqrediyent kimi istifadə edilən maddələr göstərilir. Burada konservləşdirilmiş məhsullar üçün qab açıldıqdan sonra saxlanma şərtindən də ətraflı bəhs edilir.
Üçüncü təlim nəticəsində təzə tərəvəzlərdən salatlar hazırlayan zaman tərəvəzlərdən istifadə qaydaları qeyd edilmişdir. Məqsəd hər mərhələdə tərəvəzlərin hazırlanmasını, bişirilməsini və ədviyyat qataraq hazırlanmasını, eləcə də öz dadlarını qoruması üçün saxlamaq və dondurmaq kimi xüsusiyyətlərini tələbələrə öyrətməkdir.
Dördüncü təlim nəticəsində müxtəlif meyvə və giləmeyvələrdən içkilərin hazırlanması zamanı meyvələrdən sərbəst şəkildə kompotların və kisellərin hazırlanmasından bəhs edilir. Kompotlar ən yaxşı konservləşdirilmiş meyvə və giləmeyvə hesab olunur. Burada kompot üçün təzə, qurudulmuş və konservləşdirilmiş (bankalarda) meyvə və giləmeyvələrdən istifadə qaydalarından bəhs edilmişdir. Meyvə-giləmeyvə kiselləri üçün kartof nişastası, südlü kisellər üçün isə qarğıdalı nişastasının istifadə edilməsi daha məqsədə uyğundur.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.