Hörmətli oxucu!
İaşə xidmətləri – qidalanmada və dincəlmək üçün boş vaxtın keçirilməsində əsas tələblərin məcmusu kimi müəssisələrin və sahibkar-vətəndaşların fəaliyyətinin nəticəsi mənasında başa düşülür.
Toylarımızın, yas mərasimlərinin, diplomatik qəbulların və digər kütləvi tədbirlərin həyata keçirilməsində isə iaşə xidmətinin rolu çox böyükdür. Paytaxtımızda və ölkənin digər böyük şəhərlərində son illər təşkil olunmuş şadlıq evlərində göstərilən iaşə xidməti isə, sözün əsl mənasında (bir sıra çatışmazlıqları nəzərə almasaq) bu sahəni artıq vaxtından əvvəl yaranmış, özünəməxsus bir sənaye sahəsinə çevirmişdir.
Hazırki modulda bir çox məsələlərə nəzər yetirilmişdir. İaşə xidməti işçilərinin fəaliyyətini planlaşdırılması üçün zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul, 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu ətraflı açıqlanmış, verilən məzmunun möhkəmləndirilməsi üçün “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində təhsilalanlara əhaliyə iaşə xidməti göstərilməsində cavabdeh olan işçi heyətin müəssisələrdə həyata keçirdiyi xidmət fəaliyyətindəki əsas faktorlar qeyd edilmişdir. Məqsəd müxtəlif təşkilati-hüquqi formalara, tiplərə və kateqoriyalara aid olan iaşə müəssisələrində qidalanma xidməti göstərilməsinin nəzəri və təcrübi əsaslarını tələbələrə öyrətməkdən ibarətdir. Gündəlik və əlavə ehtiyaclara uyğun bazarlıq ehtiyaclarını aşkarlamaq üçün praktiki bacarığa sahib olmaq keyfiyyətli iaşə xidməti fəaliyyətini hazırlamağın reallaşması deməkdir. Bu istiqamətdə əvvəlcə xidmət edən işçi heyətə göstərilən tələblər və xidmət göstərən işçi heyətin fəaliyyətinin necə təşkil edilməsi barədə məlumat toplanılır. Burada müəssisədaxili qaydalara və iaşə standartlarına uyğun olaraq, mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsindən bəhs edilir.
İkinci təlim nəticəsində iaşə xidməti işçilərinin fəaliyyətinin idarə edilməsi üçün xidmətin aparılması prosesində istehlakçıya təsir edən amillərin məcmusu məsələsi vurğulanır. Burada qeyd olunan ehtiyaca uyğun məhsulların tədarükünə nəzarət etmək məsələsi qeyd edilmişdir. Onu da nəzərə alsaq ki, mətbəxin işinin təşkilinə texnoloji prosesin ardıcıllığına müvafiq olaraq, avadanlığın yerləşməsi, bölməli modul avadanlığın quraşdırılması, funksional tutumların istifadəsi, işçilərin düzgün yerləşdirilməsi nəticəsində nail olmaq mümkündür. Bunlar hamısı iş vaxtının itirilməsinin qarşısını alır, xidməti sürətləndirir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək fəaliyyətinizin yüksək səviyyədə qurulmasının əsası, sizə təqdim edilən materialların həm nəzəri, həm də praktiki mənimsənilməsindən çox asılıdır.