Hörmətli oxucu!
Hər bir sahədə olduğu kimi şirniyyat istehsalı zamanı da sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Buna həm işçinin şəxsi gigiyenası həm də istifadə olunacaq avadanlıqlara qoyulan sanitar-gigiyenik tələblər aiddir. Bununla yanaşı, ən vacib məsələlərdən biri istehsalatda təhlükəsizlik qaydalarına riayət etməkdir. Bütün istehsal sahələrində ilkin addım olaraq bu öyrənilir.
Hazırki modulda bir çox məsələyə nəzər yetirilmişdir. Modul 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış və verilən məzmunun möhkəmləndirilməsi üçün “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində şirniyyat məmulatlarının istehsalında sanitariya qaydalarına riayət edilməkdən bəhs edilir. Həmçinin daxili sanitar qaydaların təmin edilməsindən, inventara qoyulan tələblərdən, işçilərin çəxsi gigiyena qaydalarının izahından və kremlə bəzədilmiş məmulatların saxlanma şəraitindən bəhs olunur. Ən əsası isə stehsalatda sanitariyanın norma və qaydalarını nəzərə almaqla iş prosesinin təşkili ilə bağlı ətraflı məlumatlar öz əksini tapmışdır.
İkinci təlim nəticəsində şirniyyat istehsalında istifadə olunan istilik-mexaniki avadanlıqların təhlükəsizliyinin texnika və qaydaları daxil edilmişdir. İstehsalatda iş vaxtı təhlükəsizliyin təmin edilməsi, yanğın təhlükəsizliyi ilə bağlı ətraflı bilik və bacarıqlar ətraflı verilmişdir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək fəaliyyətinizin yüksək səviyyədə qurulmasının əsası sizə təqdim edilən materialların həm nəzəri, həm də praktiki mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.