Hörmətli oxucu!
Qida və ya qida məhsulları – orqanizmin ətraf mühitdən əldə etdiyi üzvi və qeyri-üzvi maddələr yığımıdır. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.
Hazırki modulda bir çox məsələyə nəzər yetirilmişdir. Qida maddələrinin əhəmiyyətini müəyyən etmək üçün zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul 5 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış və verilən məzmunun möhkəmləndirilməsi və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində qidalı maddələrin əhəmiyyəti, orqanizmin qidalı maddələrə tələbatı, qida məhsullarının kalorililiyi və balanslaşdırılmış qidalanmadan ətraflı şəkildə bəhs edilmişdir.
İkinci təlim nəticəsində qida infeksiyaları və onların başvermə səbəbləri ətraflı izah olunur.
Üçünçü təlim nəticəsində qida zəhərlənmələrinin növləri və əlamətləri geniş izah olunur.
Dördüncü təlim nəticəsində müalicəvi qidalanma zamanı pəhriz saxlamanın növləri və pəhriz yeməklərinin hazırlanma xüsusiyyətləri izah olunur.
Beşinci təlim nəticəsində hazır yeməyin keyfiyyətinə qoyulan tələblər, yəni yeməyin orqanoleptik göstəriciləri (rəngi, qoxusu, iyi, dadı, görünüşü və konsistensiyası) izah edilir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.