Kodlaşdırılmış məlumatların informasiya daşıyıcılarına ötürülməsi
Elə qədim zamanlardan informasiyanın bir yerdən digər yerə təhlükəsiz şəkildə daşınması üçün müxtəlif kodlaşdırma sistemlərindən istifadə olunmuşdur. Buna Sezar, Brayl, Morze və s. əlifbalarını misal göstərmək olar. Kompüterlərin meydana gəlməsindən sonra informasiyanın kompüter vasitəsilə emalı, ötürülməsi və bu kimi informasiya proseslərini həyata keçirmək üçün də müxtəlif kod sistemlərindən istifadə olunmuşdur. İnformasiyanın kodlaşdırılması zamanı ikilik simvollardan (0 və 1) istifadə olunması daha əlverişlidir.
Müasir kompüterlər təkcə simvollarla yox, digər tipli informasiya ilə də işlədiyindən onların da kodlaşdırılması zərurəti meydana çıxmışdır. Bunlara ayrı-ayrılıqda baxaq: mətn (simvol) tipli informasiyanın kodlaşdırılması. Simvol tipli informasiyanın kodlaşdırılması üçün müxtəlif kod sistemləri yaradılmışdır: ASCII, UNICODE, KOИ-8, Windows-1251 və s.. Lakin əsas standart kimi ABŞ-da Milli Standartlaşdırma İnstitutunda (ANSI) işlənilmiş ASCII (American Standard Code for Information Interchange) standartı olmuşdur. ASCII cədvəlində 256 simvolun kodu təsvir olunmuş və bu kodlar kompüterə tanıdılmışdır.
Bu kod sistemində (əlifbada) yerləşən simvollar, əsasən, 3 yerə ayrılır: 1. hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompüter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir, bu simvollar bəzən idarəedici simvollar (Non Printable) da adlandırılır. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edir. 2. 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. Buraya durğu işarələri, ərəb rəqəmləri, latın əlifbasının böyük və kiçik hərfləri və s. daxildir. 3. 128-dən 255-ə qədər olan kodlar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur.
Burada müxtəlif ölkələr öz simvollarını yerləşdirir (təbii ki, bütün milli əlifbaların simvollarını burada yerləşdirmək mümkün olmamışdır). ASCII kodlaşdırma sisteminə əsasən maksimum 256 simvolu kodlaşdırmaq olar. 256 = 28 olduğundan burada hər bir simvol üçün kompüterin yaddaşında 8 bitlik yer ayrılır. Deməli bu kod sistemində yazılmış hər bir simvol kompüterin yaddaşında 8 bit = 1 bayt yer tutur. Təəssüf ki, ASCII kod sistemi bəzi milli əlifbaların (Azərbaycan, Çin, Koreya və s.) tam şəkildə təsvirinə imkan vermədiyindən daha geniş kod sistemi - UNICODE kod sistemi yaradılmışdır.
Bu kod sistemində isə maksimum 65536 simvol kodlaşdırıla bilər. 65536 = 216 olduğundan burada 1 simvol yaddaşda 16 bit = 2 bayt yer tutar.