Şəkər ovuntusu kimi əsasən, şəkər kirşanından istifadə edilir. Biskvit ovuntusunu biskvit və ya biskvit qırıntılarını iri gözlüklü sürtgəcdən keçirib duxovkada açıq qəhvəyi rəng olana qədər qızartmaqla hazırlayırlar (Şəkil 2.33). Biskvit ovuntusuna şəkər kirşanı və kakao tozu əlavə etməklə şokoladlı biskvit ovuntusu əldə etmək olar. Ovuntunu qat-qat, şəkərli və dəmlənmiş xəmirdən bişirilmiş yarımfabrikatların qırıntılarını iri gözlüklü sürgəcdən keçirib qırmızıqəhvəyi rəngə qədər duxovkada qızartmaqla hazırlayırlar. Şokolad ovuntusunu hazırlamaq üçün şokolad plitkasını sürtgəcdən keçirmək lazımdır. Trüfel ovuntusunu pomadka kütləsindən hazırlayırlar (Şəkil 2.34). 2 ç.q. toz-şəkərdən bişirilmiş pomadka əvvəlcə çalınır, ağardıqdan sonra 40o temperaturda üzərinə 1 ç.q. kakao tozu və 20 qram kərə yağı əlavə edilir və yaxşı qarışdırılıb soyudulur. Plastiki bərk kütləli trüfel sürtgəcdən keçirilir. |
Yağlı un ovuntusu
Buğda unu - 1 x.q., yağ - 20 qram, toz-şəkər - 1 x.q. və yumurta sarısı -1 ədəd. Bütün xammallar qarışdırılır və övkələnib ovuntu halına salınır. Eyni cür ovuntu almaq üçün kütlə iri gözlüklü süzgəcdən keçirilir. Əgər kütlə çox yumşaqdırsa və ovuntu alınmırsa, onda bir qədər də un qatıb övkələmək lazımdır, əksinə, ovuntu çox quru və narın alınarsa, onda bir qədər yağ və ya yumurta sarısı əlavə etmək lazımdır. Yağlı un ovuntusunu bəzi məmulatların üzərinə bişirilməzdən qabaq səpirlər.
İçliklərin hazırlanması
Piroq, pirojki, ponçik, tort və s. şirniyyat məmulatlarını hazırlamaq üçün içliklər hazırlanır. İçlikləri hazırlamaq üçün meyvə-giləmeyvə, kəsmik və bu kimi xammallardan istifadə olunur. İçliklər tez xarab ola bilər, odur ki, hazırlanan kimi istifadə olunmalıdır. İçliklərin dad və ətrini yaxşılaşdırmaq üçün vanilin, üzvi turşular və sairədən istifadə etmək olar.
Almadan içlik
Təzə alma - 250 qram (orta irilikdə 3-4 ədəd alma), toz-şəkər-2 x.q.. Bu içliyi isti və soyuq üsulla hazırlamaq olar. İsti emal üsulunda almanın qabığı soyulur, dörd yerə bölünüb təmizlənir, nazik dilimlərlə doğranılır və ya sürtgəcin iri gözündən keçirilir, toz-şəkər səpilir və yumşalana qədər bişirilib dərhal soyudulur. İçliyə çay qaşığının ucunda üyüdülmüş darçın və ya limon, qoz, naringi və ya portağalın sürtgəcdən keçirilmiş qabığı əlavə edilir (Şəkil 2.35).