Kövrək meyvəli tort Hazırlanma qaydası üzrə 1000 qramlıq "Kövrək-meyvəli" tortun hazırlanması üçün lazım olan xammal və yarımfabrikatlar: kövrək yarımfabrikat - 500 qram; meyvəli içlik - 343 qram; meyvə və ya şəkərləmələr - 125 qram; jele - 75 qram; biskvit qırıntıları - 7qram. Tort üçün dairəvi və ya kvadratşəkilli dörd kövrək korj bişirilir və meyvəli içlik ilə yapışdırılır. Bilmək lazımdır ki, isti halda yapışdırılmış korjlar içliyə kip yapışdırılır və soyudulduqdan sonra asanlıqla kəsilir. Tort yarımfabrikatının yan tərəfləri bıçaqla hamarlanır (Şəkil 4.23). Tortun kənarlarına meyvəli içlik çəkilir. Tortun səthinə konservləşdirilmiş meyvə və ya şəkərləmələr düzülür və onları səthə yapışdırmaq üçün iki dəfə şəffaf jele üzərindən gəzdirilir. Jele soyudulduqdan sonra tortun yanlarına biskvit qırıntıları səpilir. |
Hazır tortun keyfiyyətinə qoyulan tələblər: forması dairəvi; tortun səthi - şəffaf jele gəzdirilmiş konservləşdirilmiş meyvələrdən qəşəng naxış; yanlarına biskvit qırıntıları səpilmiş; kəsik - dörd kövrək korj; dadı - xoş və şirin.
Tortların bəzədilmə prosesi
Həmin tortların bəzədilməsi üçün yağlı kremlə yanaşı, eyni zamanda zülallı krem, bişirilmiş krem, xamalı və xamalı-qaymaqlı kremlər, pomadka, jele kütləsi və bu kimi yarımfabrikatlardan istifadə olunur. Tortların üzərinə müxtəlif güllər, yarpaq, modernləşdirilmiş ornamentlər, şokolad fiqurları, karamel bəzəkləri, meyvə-giləmeyvə, mürəbbə, sukat, marmelad və digər forma və rəngdə şirniyyatla bəzək vurulur. Kremdən səbət, güldan, həsir və digər bəzəklər düzəldilir, bundan əlavə, trüfel üzərində qızılgül düzəldilib tortun üstünə qoyulur. Tortların kənarlarına biskvit və üyüdülmüş qoz (badam və fındıq) ovuntusu səpilir və bezedən bişirilmiş müxtəlif forma və rəngli kiçik peçenyelər yapışdırılır.
Kremdən şəkillərin çəkilməsi üsulları
Pirojna və tortların səthinin bəzədilməsi, həmçinin, bişirilmiş yarımfabrikatların boşluqlarının doldurulması üçün qaymaqlı-yağlı kremlərdən istifadə edilir.