Kartotekada qonağa göstərilən xidmətlər qeyd olunur və qonağın xüsusiyyətləri (hansı yeməyi xoşlayır, hansı nömrədə və ya mərtəbədə yaşamaq istəyir, əlavə xidmətlərdən daha çox nəyə üstünlük verir, əyləncəli proqramları xoşlayır və ya əksinə və s.) əksini tapır.
Bu məlumatlara əsasən qonaq təkrarən otelə gəldikdə, ona daha yüksək səviyyədə, keyfiyyətli xidmət göstərmək olar. Bu və buna bənzər oteldə görülən işlər, daimi müştərilərin sayını artırır və otelin nüfuzunu qaldırır. Müasir mehmanxanalarda kompüter proqramlarından istifadə etməklə otelin müştəriləri haqqında məlumat blankı yaradılır və bu işdə istifadə olunur.
Nömrələrin xidmət şöbəsinə baş inzibatçının ofisi, nömrələrin bronlaşması (sifariş etmək), inzibati təsərrüfat, konsyerj, qonaqlara xidmət daxildir.
Qonaqlara göstərilən xidmətin keyfiyyətini artırmaq və səviyyəsini yüksəltmək baş inzibatçının əsas vəzifələrindən biridir. O, gün ərzində mehmanxanada bir çox mühüm və zəruri işləri yerinə yetirir. Bunlar aşağıdakılardır:
- gecə inzibatçısının hesabatını dinləyir və yoxlayır;
- keçən gecə ərzində doldurulan nömrələrin göstəricilərini təhlil edir;
- mehmanxanada əlavə xidmətlərin gündəlik satış vəziyyətini təhlil edir;
- ötən gecə ərzində mehmanxanaya daxil olan pulun hesabını yoxlayır;
- pulsuz verilən nömrələrin sayını təyin edir;
- yaxın aylar üçün verilən kollektiv sifarişləri yoxlayır;
- gün ərzində mehmanxanaya gəlib-gedən qonaqların siyahısını nəzərdən keçirir;
- xüsusi və nüfuzlu qonaqların (VIP) siyahısını nəzərdən keçirir və qeydiyyatını aparır;
- gələn qonaqların qeydiyyat sənədlərini çeşidləyir;
- şöbənin və digər iclaslarda iştirak edir;
- sonrakı gün ərzində (səhər) gəlib-gedən qonaqların siyahısını nəzərdən keçirir;
- əməkdaşlarına gəlib-gedən qonaqlar barədə zəruri sərəncamlar verir;
- əməkdaşların iş cədvəlini yoxlayır;
- qonaqlara xidmət göstərən köməkçilərə gündəlik təlimat verir.
Məsələn, baş inzibatçının köməkçisi qonağı qarşılayır, qeydiyyatına kömək edir, nömrəyə qədər müşayiət edir, yükünü əvvəlcədən nömrəyə aparır və s. Bununla da baş inzibatçının köməkçisi bir neçə funksiyanı yerinə yetirərək əlavə bölməyə və işçilərə ehtiyac olmadığını göstərir.