Bölmənin əməkdaşlarının, polisdən fərqli olaraq istintaq aparmaq imkanları və hüquqları məhduddur. Təhlükəsizlik bölməsi, polisin yerli bölmələri ilə sıx əməkdaşlıq etməli, gözlənilən mitinq, ixtişaşlar, mehmanxanaya arzu olunmayan qonaqların gəlməsi və s. haqqında məlumatlar əldə edə bilər və mehmanxana buna hazırlaşır və tədbirlər görür.
Mehmanxanada qonaqların rahat və sakit yaşayıb dincəlməsi üçün təhlükəsizlik bölməsi, sutka ərzində aktiv fəaliyyət göstərməlidir. Bölmə, otelin təhlükəsizlik planını işəyib hazırlayır, digər şöbə və bölmələr ilə bu planı müzakirə edir, tam tərtib edib baş direktorun təsdiqinə verir. Təhlükəsizlik bölməsinin əməkdaşları, etibarlı, təmkinli, satın alınmayan insanlar olmalıdır. Bu bölməyə, adətən keçmişdə hüquq-mühafizə orqanlarında çalışmış, təcrübəli, peşəkar işçilər dəvət olunur. Bu bölmənin əməkdaşları, qonaqlarla nəzakət və ədəblə davranmalıdırlar.
Bölməyə işə götürülən işçilər mütləq təlim keçir, otellə, onun bölmə və şöbələri ilə yaxından tanış olurlar. Bölmənin işçiləri, zərurət yaranarsa ilk tibbi yardım göstərə bilməlidirlər. Təhlükəsizlik bölməsinin hər bir əməkdaşı hüquq və vəzifəsini yaxşı öyrənməli, otelin fəaliyyətinə aid təlimatı, qanun və sərəncamları bilməlidirlər. Təhlükəsizlik bölməsi, sənədlərin saxlanılması, hesabatları tərtib etmək, təhqiqat aparmaq üçün texnika və monitorlarla təchiz olunmuş xidməti otaqları olmalıdır.
Bölmə əməkdaşlarının növbəni dəyişmə vaxtı elə tərtib olunmalıdır ki, digər bölmələrin növbə dəyişməsi ilə üst-üstə düşməsin və eyni vaxtda olmasın. Bu, ona görə edilir ki, bütün növbələrin dəyişməsi eyni vaxtda olarsa, mehmanxanaya, bölmələrə və digər obyektlərə nəzarət diqqətdən yayına bilər.
Təhlükəsizlik bölməsi texniki vasitələrlə, izləyici kameralar, monitorlar, radio əlaqə yaradan cihazlar və s. təchiz olunmalıdır. Nömrələrdəki seyflər, qapılardakı kilidlər, açarlar və s. bölmənin nəzarətində olmalıdır. Təhlükəsizlik bölməsinin əməkdaşlarına dəyənək və tapanca gəzdirmək məsləhət görülmür. Bu atributlar (əlamət) oteldə yaşayan qonaqları qıcıqlandırar və narazılıq doğura bilər.
Təhlükəsizlik bölməsinin əməkdaşlarının pencəyinin yaxasında bölməyə məxsus nişan (kart), soyadı olmalıdır ki, qonaq zərurət yaranarsa, ona müraciət edə bilsin.
Təhlükəsizlik bölməsinin funksiyası.
Təhlükəsizlik bölməsinin funksiyası müxtəlifdir və mehmanxananın fəaliyyətində mühüm rol oynayır. Bölmənin əsas funksiyası, otelin daxilində yerlşən sahələrə, xaricində yerləşən ərazilərə nəzarət etmək və keşik çəkməkdir.