Qonaqları salamlayan və qəbul edən əməkdaş qonağa hörmət əlaməti olaraq ayaq üstə durmalı və qonağı gözlətməməli, diqqətli olmalı, sənədlərin qeydiyyatını tez aparmalıdır.
Marketinq xidməti, mehmanxananın böyük və kiçikliyindən asılı olaraq, müstəqil bölmə kimi fəaliyyət göstərir və ya “Front Office”-ə daxildir.
Məsələn, İngiltərənin bir çox mehmanxanalarında “Front Office” şöbəsi təsərrüfat xidmətinə tabedir və qəbul şöbəsində ayrı-ayrı bölmələrə baş əməkdaşlar rəhbərlik edir. Məsələn, baş telefon operatoru, baş kassir, bronlaşdırma xidmətinin rəhbəri və s.
Mehmanxana “Front Office”-nə director (Front Office Manager) rəhbərlik edir. Front Office Menecer ilk növbədə mehmanxana haqqında tam məlumata malik olmalıdır. Ğkincisi, şöbənin bütün işini dəqiq planlaşdırmağı bacarmalıdır.Üçüncüsü, şöbənin işini daim nəzarətdə saxlamalıdır. Qonaqlara göstərilən xidmət və digər məsələlərlə ortaya çıxan anlaşılmazlıq və problemləri həll edə bilməlidir.
Front Office mehmanxananın baş qərargahı, onun “sinir” sistemidir. Burada qonaq qarşılanır, xidmət göstərilir və yola salınır. Front Office mehmanxananın güzgüsü və simasıdır. Mehmanxanaya gələn qonaq əsasən “Front Office”-in əməkdaşları ilə ünsiyyətdə olur, arzu və istəklərini bildirir.
Mehmanxananın iş prinsipindən asılı olaraq “Front Office”-də növbələr və iş vaxtı müxtəlif ola bilər. “Front Office” iki növbəli ola və iş vaxtı saat 09:00 - 21:00-dək və 21:00 - 09:00-dək məqsədəuyğun ola bilər.
Bu sistem şöbədə sənədləşdirməni, hesabatı dəqiq və düzgün aparmağa imkan yaradır, işçilərin cavabdehlik və məsuliyyətini artırır.
Front Office şöbəsi mehmanxananın birinci mərtəbəsində münasib yerdə olmalı, xidmət göstərən işçilər lifti və mehmanxana holl-nu yaxşı görməlidirlər. Belə olan halda şöbənin əməkdaşları mehmanxanaya daxil olan qonaqları görər və onların yüklərinə nəzarət edə bilərlər.
“Front Office” öz müştəriləri haqqında məlumat toplayır, saxlayır, daimi qonaqların zövqünü, arzusunu, hətta ad günlərini bilir. Mehmanxananın daimi qonaqları və VIP müştəriləri ilə menecer (guest relation manager) məşğul olur. Xüsusi hörmətli qonaqları, şəxsən baş direktorun özü qarşılayır və salamlayır.
Mehmanxana müəssisələrinin tiplərindən və yerləşmə tutumlarından asılı olaraq şöbə və bölmələrin sayı az və ya çox ola bilər. İri mehmanxanaların strukturunda bronlaşdırma, marketinq və satış, xidmət şöbələri müstəqildir və baş direktora tabedir. Orta və kiçik mehmanxanalarda yuxarıda adları çəkilən şöbələr və ya bölmələr qəbul, yerləşmə və xidmət şöbəsinə daxildir.