TƏLİM NƏTİCƏSİ 1
1.1.1. KONSYERJ HAQQINDA İLKİN MƏLUMATI DANIŞIR
KONSYERJ HAQQINDA İLKİN MƏLUMAT
Konsyerj (Concierge) nədir? Bu söz son zamanlarda ölkəmizdə xidmət məqsədli qurulan sektorların işlətmiş olduğu bir termindir. Eyni zamanda konsyerj, Fransız sözü olub, böyük otellərdə müştərinin oteldən kənarda iş tənzimləmələrini edən qurumun adıdır. İngiliscədə də qapıçı mənasında işlədilir. Türkçəyə də birbaşa konsyerj olaraq çevrilir. Fransada otellərdə ilk olaraq verilməyə başlayan konsyerj xidməti, daha sonra yayılaraq dünya miqyasında verilən bütün xidmətlərin bir başlıq altında toplanması olaraq bilinməktədir.
Konsyerj - otelin uniformada olan, onun üçün ayrılmış xüsusi bölmədə və ya mərtəbədə xidmət göstərən, müştərilərin suallarına cavab verən və ya onlara xüsusi xidmətlər göstərən əməkdaşıdır. Onları vestibüldə xüsusi masa arxasında və ya mərtəbədə görmək olar. Masanın üzərində Concierge lövhəsini görmək mümkündür.
1936-cı ilə qədər konsyerjlər otel işçiləri deyildi. Onlar müstəqil kiçik sahibkarlar (iş adamları) idi, oteldən yer alıb onun ərazisində fəaliyyət göstərirdilər. Mehmanxanaların iriləşməsi ilə konsyerj vəzifəsinə zərurət doğur. Bir sıra iri, dəbdəbəli otellər öz konsyerjlərinə malikdir. Belə ki, 800 nömrəli «Plaza Hotel» də (Nyu-York) 10 konsyerj çalışır. Onlar qonaqlara müxtəlif xidmətlər göstərir. Konsyerjlər qonaqların bütün istək və arzularını yerinə yetirməyə çalışırlar. «Conde Nast Traveler» jurnalı konsyerjlər arasında sorğu keçirərək onların göstərdiyi qeyri-adi xidmətlərin siyahısını
dərc etmişdir. Məsələn, Madridin «Palace Hotel» mehmanxanasında yaşayan yapon turistləri öküzlərin döyüş tamaşasına baxandan sonra Yaponiyada da belə tamaşa təşkil etməyi qərara alırlar və konsyerjdən xahiş edirlər ki, toreador tapsın, öküzlər alsın və Yaponiyaya göndərməyi təşkil etsin. Konsyerj bu tapşırığın öhdəsindən məharətlə gəlir. Peşəkar konsyerj olmaq üçün otelin bütün xidmət sahələrini yaxşı bilmək lazımdır, bir neçə xarici dil bilmək və ünsiyyətdə olmaq vacibdir. Konsyerjlərin peşəkar təşkilatı mövcuddur- U.P.P.G.H. (Union Professionalle des Portiers des Grand Hotels).Bu təşkilat adətən «Qızıl açarlar» (« Les Clefs d’or») adlanır. Konsyerjlərin uniformasında bu nişan-qızıl açarlar çarpaz şəkildə ilmədə vurulub.