TƏLİM NƏTİCƏSİ 3
Odur ki, xarici təcrübələri nəzərə alaraq ölkəmizdə də aqroturizmin inkişafına diqqət artırmaq gərəkdir. Bunun üçün zəruri infrastrukt aqroturist təsərrüfatının inkişafı üçün idarəetmə mərkəzi, tur agentlər üçün mərkəz və regional səviyyədə məlumat bazası yaradılmalıdır. Bununla da yerli əhalinin əmək təcrübələrinin təbliğinə, kusdar təsərrüfat mallarının turistlərə satılmasına, tarixi abidələrə tanışlığa imkan yaratmaqla yanaşı, kəndlərin inkişafına, kənd əhalisinin gəlirinin daha da artmasına nail olmaq olar.
3.5.1 NOSTALJİ, DİNİ, EKSTERMAL, RİTUAL, SPELEO VƏ DİGƏR TURİZM NÖVLƏRİNƏ UYĞUN
EKSKURSİYALARI HAZIRLAYIR
NOSTALJİ TURİZM (ETNİK TURİZM)
Müxtəlif səbəblərdən yurdlarından köç edənlərin, qohumlarının izlərini axtaranların mənəvi ehtiyacı turizmin bu növünü inkişaf etdirir. “Əgər siz hər hansı bir yerə tək məqsəd üçün - keçmişi xatırlamaq üçün gəlmisinizsə, bilin ki, siz nostalji turizmi ilə məşğulsunuz”. Artıq bir çox dünya ölkələrində, o cümlədən qonşu Rusiyada həyata keçirilən nostalji turizmi bu sektorda turizm ideoloqlarının yaratdığı yeni termin olsa da, öz müştərilərini tapmaqdadır. Tarixi vətənini görmək, qohumlarını tapmaq, başqa xalqların mədəniyyəti, tarixi yerləri ilə tanış olmaq istəyənlər bu marşrut xətti ilə qrup və ya fərdi şəkildə hərəkət edə bilirlər. Bu məqsədlə səyahətə çıxanlar üçün bütövlükdə agentliklər və ya xüsusi turlar təşkil olunur. Bir çox ölkələrdə məlumat bazaları yaradılır, marşrutlar müəyyən olunur və həmin məlumatlar internet forumlarda yerləşdirilir.
Nostalji (və ya etnik) turizm Qərbi Avropada yaransa da, son illər bir çox rusdilli ölkələri də özünə cəlb edib. Belə səyahətlər zamanı turistlər yerli əhalinin yaşayış tərzini öyrənir, onların həyatı və mədəniyyəti ilə tanış olurlar. Turizmin bu növü bir çox turistlərə öz kökləri haqqında informasiya, həmçinin heç kimə məlum olmayan xalqlar və ya millətlər haqqında bir çox tarixi faktları əldə etməyə imkan verir. Onlara yardım olunarsa, turistlər bəzən öz uzaq qohumlarını tamam özgə ərazilərdə axtarıb tapa da bilirlər. Belə mövzularda turistlərə müxtəlif tarixi axtarışlarla məşğul olan şəxsi detektivlər də kömək edə bilərlər. Maraqlısı odur ki, turizmin bu növü artıq dünyadakı bütün turist axını arasında onuncu yeri tutur.
Bizim ölkəmizdə turizmin bu növü “nostalji” adı ilə tanınmasa belə, insanlarımız uyğun marşrut xətti ilə hərəkət edirlər. Belə ki, onlar turizmin bu növünə çox vaxt özlərinin adət-ənənəsi, torpağa və dəyərlərə bağlılığı, qohum-əqrəbaya, valideynə məhəbbət nöqteyi-nəzərindən yanaşırlar. İnsanlar doğulduqları yerləri, qohumlarının, valideynlərinin məzarlarını ziyarət edərkən bunu heç turizmlə əlaqələndirmirlər.