1 1
Sinif yoldaşlarınızdan kimlə dostluq
edirsiniz? Bu dostluğun səbəbini izah edin.
mühəndis • kitabxanaçı
hörmət • mülayim • şirkət
təsadüf etmək
DOSTUM LƏTİF
Mən 158 nömrəli məktəbin 3-cü sinfində oxuyuram. Sinifdə ən yaxın dostum
Lətifdir. Əvvəllər onlar Gədəbəyin Poladlı kəndində yaşayıblar. Lətifgilin soyadı
da həmin kəndin adı ilə bağlıdır. Bu il onlar Bakıya köçüblər. İndi bizim
qonşumuzdurlar.
Lətifin atası Eyvaz əmi mühəndisdir, neft şirkətində işləyir. Anası Çiçək xala
kitabxanaçıdır. Lətifin qardaşı Toğrul da bizim məktəbdə 4-cü sinifdə oxuyur.
Nənəm Lətifi çox istəyir. Eşidəndə ki Lətif bilik yarışmasında birinci yeri tutub,
nənəmin ona hörməti daha da artdı. Bir dəfə Lətif bizə gələndə nənəm ona
dedi:
- Yaxşı oxuyan uşaqları çox istəyirəm. De görüm, ad günün nə vaxtdır? Bu
qoca nənən sənə qəşəng bir hədiyyə alsın.
Lətif bir az qızardı. Yavaşca dedi:
- Mənim ad günüm Müstəqillik Gününə
təsadüf edir. Ona görə də bizim evdə
ikiqat bayram olur.
Nənəm gülümsəyib dedi:
- Təki bütün balalarımız sənin kimi ağıllı
olsun. Oğlum, bir de görüm, sən öz adının
mənasını bilirsən?
Lətif bir az düşünüb cavab verdi:
- Xeyr, amma bilirəm ki, atam mənə öz
atasının adını qoyub. Qardaşıma da ana
babamın adını qoyublar.
- Çox yaxşı ediblər, bala. Nəsildə adlar
yaşamalıdır. Həm də sənin adının gözəl
mənası var: xoş, mülayim.
Rafiq İsmayılov