Araşdırma apararkən kimdən kömək alırsınız?
Bu zaman əvvəlcədən suallarınızı hazırlayırsınızmı?
“Gənc müxbirlər” dərnəyinin üzvləri hər ay divar qəzeti hazırlayırdılar. Qəzetin
növbəti sayı “Dünya xalqlarının adət-ənənələri” adlanırdı. Gənc müxbirlər xarici
ölkələrin nümayəndələrindən bu mövzuda müsahibə aldılar.
– Salam, cənab Mello.
– Xoş gördük.
– Cənab Mello, illərdir ki, Azərbaycanda yaşayırsınız. Azərbaycan xalqının
hansı bayramlarını tanıyırsınız?
– Azərbaycanda keçirilən Novruz bayramı, Qurban bayramı mənim çox
xoşuma gəlir. Bu bayramlarda ailəyə bağlılıq, böyüklərə hörmət, imkansızlara
əl tutmaq kimi gözəl xüsusiyyətlər özünü göstərir.
– Cənab Mello, bəs hind xalqının hansı milli
bayramları var?
– Hindistanda çox qədim vaxtlardan Holi bayramı
qeyd edilir. Təbiətin, torpağın oyanmasını bayram
edən insanlar bir-birini müxtəlif rənglərə boyayırlar.
– Maraqlıdır, bəs rənglər paltara, dəriyə ləkə
salmır?
– Xeyr, çünki həmin rənglərin yağ qarışığı olmur.
Adi su ilə yuyan kimi təmizlənir.
– Bəs bu festivalda istifadə olunan rənglərin bir
mənası varmı?
– Bəli, Holi şənliklərində istifadə olunan rənglərin
hər birinin öz mənası var. Məsələn, yaşıl rəng
canlanmanı, mavi rəng sakitliyi, sarı rəng isə Allaha
bağlılığı ifadə edir.
– Cənab Mello, bizə vaxt ayırıb müsahibə
verdiyiniz üçün sizə təşəkkür edirəm.