Kür çayına bəzən “dəli Kür” deyirlər? Sizcə, bunun səbəbi nədir?
qulağıma uğultu səsi gəldi. Getdikcə səs gücləndi. Sonra camaatın qışqırtısını
eşitdim: “Kür daşıb!” Yerimdən dik atılıb artırmaya çıxdım.
Boz dalğalar gurultu ilə sahildəki qayalara çırpılırdı. Aşıb-daşan çay qollu-budaqlı
ağacları çör-çöp kimi qoynuna alıb aparırdı. Mən tez həyətə düşdüm.
Kürün sahilindəki kələ-kötür qayaların üstü tamaşaya çıxan insanlarla dolu idi.
Qonşularımız Rizvan və Qədir də oradaydılar.
Birdən Rizvan çayın yuxarı tərəfini göstərərək çığırdı:
- Ora baxın!
Çayın ortasında bir daxma dalğaların üstündə ləngərləyə-ləngərləyə gəlirdi.
Qədir təlaşla qışqırdı:
- Vay-vay! Ay camaat, daxmanı sel aparır! İçində adamlar var! Deyəsən,
dəyirmançının ailəsidir... Yazıqlar!
Hamı həyəcanla baxır, daxmadakı adamların halına acıyırdı.
Birdən sürətlə gələn daxma çaya batmış ağacın şaxlarına ilişib dayandı.
Hamının gözündə bir ümid qığılcımı parıldadı.
Daxmanın qapıları taybatay açıq idi. İçəridə bir kişi və qadın göründü. Kişi
kəndin dəyirmançısı idi. O, əllərini yellədərək nə isə qışqırırdı. Qadın isə
körpəsini başının üzərinə qaldırıb ağlaya-ağlaya camaatdan imdad diləyirdi.