Hansı oyuncaqlarla oynamağı xoşlayırsınız? Nə üçün?
Bəs özünüz oyuncaq düzəltmisinizmi?
Dünyada məşhur olan leqo oyuncağı kiçikdən böyüyə hamıya tanışdır. Hər kəs
çox maraqla leqo parçalarından fiqurlar düzəltməyi sevir.
Bəs ilk leqolar necə yaranmışdır?
Təxminən 100 il əvvəl uzaq Danimarka ölkəsində Olie Kristian adlı bir dülgər
yaşayırdı. O öz kiçik emalatxanasında taxtadan mebel hazırlayıb satmaqla məşğul
olurdu.
Olienin kiçik oğlu Qotfred tez-tez atasının emalatxanasına gəlirdi. O, maraqla
mebel əşyalarının düzəldilməsinə baxırdı. Olie də həvəslə öz peşəsinin sirlərini
oğluna öyrədirdi.
Mebelin istehsalı zamanı çoxlu kiçik taxta parçaları artıq qalır, zibilliyə atılırdı.
Bir dəfə Olie oğlunun bu taxta parçaları ilə oynadığını gördü. Dülgər düşündü ki,
itkiyə gedən taxta parçalarından oyuncaqlar hazırlayıb
sata bilər. Beləliklə, danimarkalı dülgər taxtadan
oyuncaqlar düzəltməyə başladı. Hətta bu oyuncaqlara
ad da verdi: leqo*.
Qotfred on iki yaşından atasının yanında işləməyə
başladı. O bu işə böyük maraq göstərirdi. Bir gün yeni
bir fikirlə atasının yanına gəldi:
– Ata, gəl oyuncaqları hazır şəkildə deyil, hissələrə
bölünmüş halda sataq. Qoy alıcılar özləri bu hissələrdən
oyuncağı yığsınlar.
– Səncə, yığa bilərlər? – Olie tərəddüdlə dedi.
– Biz qutunun üzərinə şəkil və təlimat yapışdırarıq.
Olie, hətta emalatxana işçiləri Qotfredin fikrini
bəyəndilər. Onlar rəngli, kiçik parçalardan ibarət
oyuncaqlar hazırlamağa başladılar. Bu parçalar
asanlıqla
bir-birinə keçirilirdi.