• qatran
• əzəmətli
• sıldırım
qalaların əksəriyyəti hündür qayalıqlarda, dağların
zirvəsində salınıb. Düşmən təhlükəsi yarananda yurdun
ahılları, qız-gəlinləri, körpələri bu qalalarda qorunublar.
Xalq arasında qalalar, onların adları ilə bağlı müxtəlif
əhvalatlar söylənilir.
Deyilənə görə, Nadir şah Azərbaycanda hökmranlıq edən zaman
Şəki əhalisi onun əmrlərinə tabe olmaq istəmir. Buna görə də
Nadir şah Şəkiyə böyük bir qoşun yeridir. Şəki xanı camaatı
dağın başındakı qalaya yığır. Qoşun qalaya yaxınlaşmaq
istəyəndə əhali onların başına çay daşları, qatran yağdırır.
Nadir şah qalanı bir neçə gün mühasirədə saxlaya bilir. Lakin
Şəki camaatını diz çökdürə bilmir. İşi belə görən şah qalaya
yaxınlaşır və qəzəblə qışqırır:
– Bu qalanın sirri nədir? Necə qaladır ki, onu almaq olmur?
Bu zaman qaladan gələn səs qayalarda əks-səda verir:
– Gələrsən, görərsən!
Deyilənə görə, o vaxtdan bu qala “Gələrsən-görərsən” adlanır.
Azərbaycanın qeyri-adi qalalarından biri də Zaqatala
rayonunda yerləşir. Bu qalanı tikmək üçün qayanı çapıb
oyuq açıblar.
Vaxtilə bir çox sərkərdələr bu qalanı ələ keçirmək
istəyirmişlər. Rəvayətə görə, Əmir Teymurun qalaya
hücumu zamanı bura Pəri adlı qız başçılıq edirmiş. Pəri
sərkərdənin güclü ordusu qarşısında xeyli müqavimət
göstərir. Bu hadisədən sonra qalanı “Pəri qalası” adlan-
dırmışlar.
Başqa bir rəvayət də var. Deyilənə görə, düşmən
ordusu yaxınlaşanda kənd camaatı elin gəlin və qızlarını
bu qalada gizlədərmiş. Qalanın adı da elə bununla bağlı
olmuşdur: elin pərilərini – qızlarını gizlədən qala.
Pəri qalasının qalıqları
(Zaqatala)