MOZAİKA İŞLƏRİ
16. RƏNGLİ KAĞIZLARDAN AZƏRBAYCAN
BAYRAĞI MOZAİKASI
Azərbaycanın hansı rəmzlərini tanıyırsınız?
Azərbaycan bayrağı haqqında nə bilirsiniz?
Bayraq dövlətin özünütəsdiq rəmzi sayılır. Dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir.
Xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü ifadə edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən bariz təsdiqidir. Dövlət bayrağı bütün Azərbaycan vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir.
Azərbaycan bayrağı neçə rəngdən ibarətdir?
Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir.
Azərbaycan Respublikasının Dövlət Bayrağında mavi rəng Azərbaycan xalqının türkmənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.