BÖLMƏ 1
5
BƏDƏNİMİZDƏ MADDƏLƏR NECƏ DAŞINIR?
Siz evinizdə suyun borular vasitəsilə necə daşındığını müşahidə etmişsinizmi? Bu borular sistemi evinizi təmiz su ilə təmin edir və tullantı suları evdən xaric edir. Oxşar olaraq qan dövranı sistemi də qida maddələrini, suyu və oksigeni orqanizmin orqan və toxumalarına çatdırılmasında, orada əmələ gələn karbon qazı kimi tullantı maddələrinin isə kənarlaşdırılmasında iştirak edir.
Düşün, müzakirə et, paylaş
Ağciyərlərimizdəki oksigen qana keçdikdən sonra bədənimizin digər hissələrinə necə daşınır?
Sağ əlinizi sinənizin yuxarı sol hissəsinə qoyun və yavaşca sıxın. Döyüntünü hiss etdinizmi? Bu əzələli orqan olan ürəyin döyüntüsüdür. Ürək döş qəfəsinin təxminən ortasında, sola meyilli şəkildə yerləşir. Ürək insan orqanizminin əsas orqanlarından biridir. O, bütün orqanizmi qanla təchiz edən yumruğumuz böyüklüyündə bir orqandır.
Qan bir çox funksiyalar yerinə yetirir. Onun əsas funksiyalarından biri hüceyrələri oksigen və qidalı maddələrlə təmin etmək, onları karbon qazı kimi tullantı maddələrindən təmizləməkdir. Orqanizmdə dövr edən qan elastik borunu xatırladan damarlarla hərəkət edir.
Qan dövranı sistemi ürək və qan damarlarından ibarətdir.