MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
12
BƏRK, MAYE VƏ QAZLARIN OXŞAR XASSƏLƏRİ
Biz gündəlik həyatımızda müxtəlif maddələrdən istifadə edirik. Su, xörək duzu, şəkər, oksigen, karbon qazı belə maddələrə nümunədir. Ətrafımızda olan bütün əşyalar (cisimlər) maddələrdən təşkil olunub. Mətbəxdə istifadə etdiyimiz qablar mis, alüminium, şüşə kimi maddələrdən hazırlanır. Zinət əşyalarının tərkibi isə qızıl, gümüş, almaz kimi maddələrdən ibarətdir.
Maddələr bərk, maye və qaz halında olur. Məsələn, xörək duzu bərk, su maye, oksigen isə qaz halındadır.
Kütlə və onun ölçülməsi
Maddələrin və onlardan hazırlanmış cisimlərin müəyyən kütləsi olur. Kütlə tərəzi ilə ölçülür. Qram, kiloqram və s. kütlənin vahidləridir.
Sadə tərəzi cismin kütləsini çəki daşları ilə müqayisə edərək ölçür. Şəkildəki mis parçasının kütləsi təxminən 150 qramdır.
Elektron tərəzi cismin kütləsini rəqəmsal ekranda göstərir. O, sadə tərəzidən daha dəqiq ölçür. Şəkildəki mis parçasının dəqiq kütləsi 151 qramdır.
Fəaliyyət 1
Maddənin kütləsi necə ölçülür?
Məqsəd.
Bərk, maye və qaz halında olan maddələrin kütləsini ölçmək.
Ləvazimat.
Tərəzi, xörək qaşığı, stəkan, şar, xörək duzu, su
Təlimat.
a)
Addım 1.
Xörək qaşığının kütləsini ölçün.
Addım 2.
Xörək qaşığı ilə bir qədər duz götürün və xörək qaşığının duzla birlikdə kütləsini ölçün.
Addım 3.
Aşağıdakı cədvəli dəftərinizdə çəkib ölçmələrinizin nəticələrini müvafiq xanalara qeyd edin.
Qaşığın kütləsi (q) | |
Xörək duzu ilə birlikdə qaşığın kütləsi (q) | |
Duzun kütləsi (q) |