QİDA ZƏNCİRİ
26
CANLILAR ENERJİNİ HARADAN ƏLDƏ EDİR?
Bütün canlılar yaşamaq üçün qidalanırlar. Qida maddələri orqanizmi lazım olan enerji ilə təchiz edir və həyat fəaliyyətinin davam etdirilməsinə imkan verir. Çünki orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən miqdarda enerji lazımdır.
Sizcə, qidalarda toplanmış enerjinin mənbəyi nədir?
Aşağıdakı şəkilləri təhlil edin.
Düşün, müzakirə et, paylaş
Günəş Yer kürəsini işıq və istilik enerjisi ilə təmin edir. Günəşdən alınan enerji Günəş enerjisi adlanır.
Bütün canlılar kimi bitkilərin də enerjiyə ehtiyacı var. Sizcə, bitkilər onlara lazım olan enerjini necə əldə edir?
Günəş enerjisindən istifadə etməklə bitkilər kimyəvi çevrilmə yolu ilə karbon qazı və sudan qida hazırlayır. Fotosintez adlanan bu proses zamanı xlorofil adlı piqment işıq enerjisini udmağa kömək edir. Bitkinin, əsasən, yarpaqlarında olan xlorofil onlara həm də yaşıl rəng verir.
Fotosintez nəticəsində bitkilərdə şəkər və oksigen əmələ gəlir. Bitkilər hazırladıqları şəkərdən müxtəlif proseslər, məsələn, böyümələri üçün istifadə edir. Lakin əmələ gələn şəkərin hamısı istifadə edilmir, bitkinin müxtəlif hissələrində saxlanılan nişastaya çevrilir.