İŞIQ VƏ GÖRMƏ
29
BİZ CİSİMLƏRİ NECƏ GÖRÜRÜK?
Biz cisimləri, işığın gözümüzə daxil olması nəticəsində görürük. İşıq bir mənbədən çıxır və düz xətlərlə işıq şüaları kimi yayılır. İşıq şüalarının istiqamətini oxlarla göstəririk.
Şəkildəki şüalara baxın. Sizcə, işıq A, yoxsa B tərəfdən gəlir?
Günəşi və digər ulduzları təbii işıq mənbələri adlandırırıq. Lakin insanlar tərəfindən düzəldilən lampa və şam kimi işıq mənbələrinə süni işıq mənbələri deyirik.
İşıq mənbəyi olan cisimləri birbaşa görə bilirik. İşıq mənbəyi olmayan cisimləri isə işıq şüaları onların səthinə düşüb qayıtdıqdan sonra gözümüzə daxil olduğu üçün görürük. İşığın səthlərə düşüb qayıtmasına işığın əks olunması deyirik. Siz əksinizi güzgü və su kimi hamar səthlərdə dəfələrlə müşahidə etmisiniz. Bunun səbəbi güzgü və ya su kimi hamar səthlərin işığı əks etdirməsidir.
Aşağıdakı şəkillərdəki işıq şüasının yolunu izləyin.