BÖLMƏ 8
31
İŞIQ ŞÜASI DİGƏR MÜHİTƏ KEÇƏNDƏ NƏ BAŞ VERİR?
Yəqin ki, səmada yaranan maraqlı göyqurşağı mənzərəsini dəfələrlə müşahidə etmisiniz. Göyqurşağı adətən nə zaman müşahidə olunur? Sizcə, o necə yaranır?
Aşağıdakı fəaliyyətləri yerinə yetirərək bu suallara qismən cavab tapa bilərik!
Fəaliyyət 6
Nyuton çarxının hazırlanması
Məqsəd.
Müxtəlif rənglərin “qarışmasının” nəticəsini müşahidə etmək
Ləvazimat.
Ağ kağız, rəngli karandaşlar, qayçı
Təlimat.
Addım 1.
Ağ kağıza 8 sm radiuslu dairə çəkin.
Addım 2.
Dairəni yeddi bərabər hissəyə bölün və onları ardıcıllıqla qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərdən biri ilə rəngləyin.
Addım 3.
Dairəni kəsib çıxararaq rəngli çarx düzəldin.
Addım 4.
Çarxın ortasına karandaş keçirin. O, çarxın dəstəyi rolunu oynayacaq.
Addım 5.
Çarxın dəstəyini sürətlə fırladın.
Nəticə çıxarın:
Çarx fırlanarkən rənglərdə hansı dəyişiklik müşahidə etdiniz?
Fəaliyyət 7
Rəngləri qarışdıraq!
Məqsəd.
Müxtəlif rəngli işıqlar “qarışdıqda” nə baş verdiyini müşahidə etmək
Ləvazimat.
Yaşıl, göy və qırmızı sellofan, üç ədəd fənər
Təlimat.
Addım 1.
Hər bir sellofanı bir fənərin üstünə keçirin və onu ağ divara tərəf yönəldib yandırın.
Addım 2.
Yaşıl işığı qırmızı işığın üzərinə gətirin. Nə görürsünüz?
Addım 3.
İkinci addımı digər işıqlarla da təkrarlayın. Nə müşahidə etdiniz?
Addım 4.
Hər üç işığı üst-üstə gətirdiyiniz zaman nə müşahidə olunacağını təxmin edin. Yoxlayın!
Nəticə çıxarın:
Ağ işıq haqqında nə deyə bilərsiniz?