ENERJİ VƏ FƏALİYYƏT
21
ENERJİ BİZƏ NƏ ÜÇÜN LAZIMDIR?
Biz hər gün müxtəlif fəaliyyətlərlə məşğul oluruq: idman edir, oynayır, dostlarımızla danışır və dərslərimizi hazırlayırıq. Bu fəaliyyətlərin hər birini həyata keçirmək üçün bizim enerjiyə ehtiyacımız var. Enerji fəaliyyətdə olmağımızı və müxtəlif işlər görməyimizi mümkün edir.
Gündəlik fəaliyyətlərimizi həyata keçirmək üçün enerjiyə ehtiyacımız var.
Hər növ zehni fəaliyyət də enerji tələb edir.
Yatarkən belə tənəffüs etmək və yuxu görmək üçün həm beynimiz, həm də bədənimiz enerjidən istifadə edir.
Biz enerjini haradan alırıq?
İnsan orqanizmi fəaliyyətləri üçün lazım olan enerjini qidadan alır. Qida insanlar üçün enerji mənbəyidir. Müxtəlif qidalarda fərqli miqdarda enerji olur. Məsələn, 100 qram şokoladda 80 min coul, bir ədəd almada 50 min coul, bir ədəd çiyələkdə isə 8 min coul enerji var. Coul enerjinin ölçü vahididir.
Sizin bir sutkada bütün fəaliyyətləriniz üçün istifadə etdiyiniz enerjinin miqdarı təxminən 9 milyon couldur.
Düşün, müzakirə et, paylaş
Bəzi qidalarda digərləri ilə müqayisədə daha çox enerji olduğunu öyrəndiniz. Sizcə, enerjisi çox olan qidalar qəbul etməklə yanaşı, fəal həyat tərzi keçirməsək, orqanizmimizdə hansı dəyişiklik baş verə bilər?
Təkcə insanların deyil, bütün canlıların fəaliyyəti, həmçinin bütün avadanlıqların işləməsi üçün enerji tələb olunur. Enerjinin müxtəlif növləri var və onu müxtəlif mənbələrdən əldə etmək mümkündür.