Həyatımızı rəqəmlərsiz təsəvvür etmək mümkün deyil. Rəqəmlər olmasa, vaxtı təyin edə, nəyi isə ölçə bilmərik. Bununla yanaşı, bəzi rəqəmlər həm də müxtəlif anlayışların, dəyərlərin simvoluna çevrilmişdir. Məsələn, 7 müqəddəs rəqəm sayılır. Dini inanca görə, Allah dünyanı 7 günə yaradıb. Göyqurşağında 7 rəng, həftədə 7 gün, musiqidə 7 not var. Hətta Qədim dünyanın möcüzələrinin sayı da yeddidir. 7 insanların ən çox sevdiyi rəqəmlərdəndir. Bu rəqəmin uğur gətirdiyi hesab edilir. 13 rəqəminin isə, əksinə, uğursuz olması fikri geniş yayılıb. 40 rəqəmi uzun müddət insanlar üçün ən böyük ədəd olmuş, çoxluq bildirmişdir. Azərbaycan dilində çoxlu ayaqları olan böcəklər qırxayaq adlandırılır. Amma bu onların mütləq 40 ayağı olması anlamına gəlmir. Elmi adı çoxayaqlılar olan bu böcəklərin ayrı-ayrı növlərində ayaqların sayı müxtəlifdir. İnsanlar onları qırxayaq adlandırmaqla ayaqlarının çox olmasını nəzərə çatdırırlar. Yeri gəlmişkən, rus dilində də bu böcəklərin adı eyni mənanı verən sözlərdən ibarətdir: sorokonojka - qırxayaq. "Çilçıraq" sözü də analoji yolla yaranmışdır. Buradakı "çil" hissəciyi fars dilində "çehel" (qırx) sözünün təhrif olunmuş formasıdır; çilçıraq, yəni qırx çıraq.
Daşıdığı mənaya görə 8 rəqəmlər arasında xüsusi yer tutur. Bu rəqəm zənginlik, rifah, uğur rəmzidir. O özündə sabitlik, etibarlılıq ehtiva edir. Üfüqi vəziyyətdə isə 8 (∞) sonsuzluq simvoludur. Mart ayının adını çəkməsək də, 8 rəqəmi həmişə qadınlarla assosiasiya olunur. Bu rəqəm özündə sanki bir gözəllik, zəriflik, məlahət daşıyır.
Azərbaycan xalqı üçün bu rəqəmin xüsusi önəmi var; bayrağımız və gerbimizdəki ulduz səkkizguşəlidir. 1918-ci il mayın 28-i xalqımızın çoxəsrlik tarixində ən parlaq gün oldu. Şərqdə ilk dəfə olaraq demokratik cümhuriyyət məhz bizim Vətənimizdə quruldu. Qısa zaman kəsiyində çox işlər görüldü. Amma, təəssüf ki, müstəqilliyimiz uzun sürmədi. 1920-ci il aprel ayının 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən yenidən işğal olundu. Və daha 70 il biz sovet imperiyasının məngənəsində sıxıldıq.