Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı,
bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi.
Nazim Hikmət
Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan sarayı hər bir qonağını təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil edilmiş bu sarayın özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVIII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapıb.
Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən, saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə tikilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şeirlər yazdığına görə saray bəzi mənbələrdə “Müştaq imarəti” kimi də qeyd olunmuşur. Tarixi mənbələrdə Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı və boğularaq qətlə yetirildiyi göstərilir. Qeyd edək ki, Hüseyn xan Müştaq Azərbaycanın məşhur şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə dost olmuşdur. Vidadi öz “Müsibətnamə” əsərini də onun ölümü münasibətilə yazmışdır.