2010-cu ilin qızmar yay günləri idi. Mübariz hərbi hissədə, düşmənlə üzbəüz səngərdə durmuşdu. Üzünü işğal olunmuş kəndlərə tutub saatlarla seyr edir, qəlbi odsuz-ocaqsız yanırdı. Düşmən xanimanları viran qoymuş, yüz minlərlə insanı yurd-yuvasından didərgin salmışdı. Hələ bu azmış kimi, gəlib torpaqlarımızda səngər qurmuşdu. Mübarizi yandıran da elə bu idi.
O, gündüzlər bu hala birtəhər dözürdü. Dostlarıyla, əsgərləriylə başı qarışırdı. Amma gecə düşəndə, illah da, səngərdə olanda dünya başına fırlanırdı. Ona elə gəlirdi ki, Xocalı hadisəsi elə indicə baş verir. Qulağına vay-şivən səsləri gəlirdi. Telejurnalist Çingiz Mustafayevin Xocalı faciəsindən çəkdiyi görüntülər gözləri önündən getmirdi. Qəhrəman jurnalistin hönkürtüsü, “çək!” deyən ağlar səsi qulaqlarında cingildəyirdi.
Yox, yetər daha! Bu mənfurların dərsini vermək lazımdır. Dərəni xəlvət görüb bəy olmaq istəyənlər gərək bilsinlər ki, bu dərələrin yiyəsi var, bəyi var... Bu səngəri aşıb yetmişcə metr о tərəfə adlaya bilsə, düşmənin səngərində olacaqdı. Çətini о səngərə salamat çatmaqdı.
Ölməyə nə var?!. Başını səngərdən qaldır, tuş gələcəksən snayper gülləsinə. Bu, canına qəsd etmək kimi bir iş olardı. O isə qazilik edib şəhidlik şərbətini başına çəkmək istəyirdi.
Səbirsizliklə axşamın düşməsini gözləyirdi. Fikirləşdi ki, valideynlərinə məktub yazsın. Bir parça kağız tapıb yazmağa başladı:
“Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xətir bunu etməliyəm. Ən azı, ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, о mərtəbəyə yüksəldim. ...Allah böyükdür. Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Artıq gecə saat on ikinin yarısı idi. Xəlvətcə silahlandı. Azərbaycan bayrağını götürüb səngərdən çıxdı. Fikirləşirdi ki, təki minaya düşməsin. Təsadüfi ölüm onun arzusunu gözündə qoyardı.