“Avtomobil” sözü autos (yun. “özü”, “müstəqil”) və mobile (lat. “hərəkət edən”) sözlərinin birləşməsindən yaranıb. Özü hərəkət edən araba düzəltmək insanların çoxdankı arzusu olub. Onlar gah pedal düzəldib onun vasitəsilə təkərləri fırladır, gah da arabaya yelkən taxırdılar. Maraqlıdır ki, bir çox xalqlar avomobilə, sadəcə, “araba” deyirlər (türk. “araba”, ing. “car”, ital. “vettura”, frans. “vuatyur”).
XVII əsrdə buxar mühərriki ixtira edildi. Bu mühərrik buxarın yaratdığı təzyiq hesabına işləyirdi: qazanda su qaynadılır, bu zaman yaranan güclü buxar mühərrikə ötürülürdü və beləliklə, mexanizm hərəkətə gəlirdi.
Bu ixtiradan sonra arabaya at əvəzinə buxar maşını qoşmağı qərara aldılar. Bu arabanı “lokomobil” (yerdə hərəkət edən araba) adlandırdılar. Bir anlığa təsəvvür edin: araba küçədə hərəkət edir, onun qabağına mis qazan bağlanıb, arxasındakı skamyada isə sürücü oturub sükanı fırladır. Araba bir qədər gedəndən sonra dayanır. Çünki qazanda su soyuyub və buxar qurtarıb. Deməli, sürücü arabadan düşüb ocağı yandırmalıdır ki, qazanda su qaynasın, buxar alınsın və maşın yenidən hərəkətə gəlsin. Elə buna görə də sürücünü fransızca “şofer” adlandırmışlar. Tərcümədə bu söz “ocaqçı” mənasını verir.
İngiltərədə isə buxar maşınını örtülü arabaya qoşaraq sərnişin daşımağa başladılar. Qoşquda bir nəfər oturub daim ocaq qalayırdı ki, qazandakı suyu soyumağa qoymasın. Artıq yollarda bacasından tüstü çıxan buxar avtobuslarına tez-tez rast gəlmək olurdu. Bu avtobuslarda yol getmək qorxulu, həm də təhlükəli idi, çünki qazan partlaya bilərdi.