Yəqin ki, müəllim və valideylərinizin qadağalarına baxmayaraq, imkan düşən kimi (1) kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç düşünmüsünüzmü, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim ixtira edib? Elə isə kompüterdə növbəti oyunun “start” düyməsini basmazdan əvvəl sosial şəbəkələrdə axtarış verin: “Kompüter oyunlarını kim yaradıb?” Müxtəlif məlumat-sorğu bazalarından fərqli cavablar alacaqsınız, daha çox Stiv Rasselin və Ralf Bayerin adlarına rast gələcəksiniz. Bayer bütün dünyada “Videokompüter oyunları kralı” kimi (2) tanınıb, amma nə o, nə də Rassel bu oyunların ilk ixtiraçısıdır.
Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib, ardınca amerikalı mühəndis Klod Şennon bu oyun üçün proqram yazıb. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Şennon “Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması” məqaləsini dərc etməklə kifayətlənməli olub.
Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı “İnsan – kompüter interaktivliyi” mövzusunda doktorluq dissertasiyasını bitirdi. Dissertasiyaya əlavə olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait, faktik olaraq, kompüter üçün ilk elektron-qrafika oyunu idi. “OXO” adlanan oyunun çox sadə qaydaları vardı: doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə “X” və “O” hərfləri ilə doldururdu. Şaquli, üfüqi və ya diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Oyun müəllimlərin də, tələbələrin də çox xoşuna gəlmişdi. Onlar universitetdəki yeganə kompüterin önündə növbəyə düzülür, maşından ağıllı olduqlarını sübut etmək istəyirdilər. Bu oyunu yaradarkən Duqlas kommersiya məqsədi güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da gəlmirdi.