Kitab çapı, yəni kitabların üzünün əllə köçürməklə deyil, mexaniki üsulla çoxaldılması insanları uzun müddət düşündürən bir məsələ olmuşdur. Aydındır ki, nəyi isə kütləvi şəkildə çoxaltmaq üçün əvvəlcə onun qəlibini hazırlamaq lazımdır. Kitab çapında atılan ilk addımlar da bu sadə ideyanın dərk olunması ilə başlandı.
İlk çap kitablarını ksiloqrafik kitablar (yun. ksilo – ağac, qrafo – yazıram) adlandırırlar. Onları belə düzəldirdilər: taxta lövhənin hamar səthi üzərində mətnin güzgüdəki kimi əksinə çevrilmiş təsvirini yazırdılar. Usta taxtanın üzərində yazılan hərfləri saxlamaqla qalan hissəni bıçaqla kəsib çıxarırdı. Beləliklə, mətnin relyefli, qabarıq təsviri alınırdı. Bu taxta lövhə çap forması – mətn üçün qəlib rolunu oynayırdı. Sonra boyaqla qabarıq şriftləri rəngləyir, üstünə kağız vərəq qoyurdular. Taxtadakı rəng vərəqlərə hopurdu və onda yazılan mətnin düz əksi alınırdı.
Ksiloqrafik çap üsulu çox çətin başa gəlirdi. Mətn dəyişdikcə hər dəfə taxta lövhədə minlərlə hərf, heroqlif kəsmək lazım idi.
XI əsrdə Çin imperator ailəsindən çıxmış Bi Şen ayrı-ayrı literlər (lat. littera – hərf) – heroqlif qəlibləri hazırlamaqla çap üsulunu bir qədər təkmilləşdirdi. Bunun üçün o, gildən çoxlu miqdarda heroqlif düzəldib bişirir, sonra isə onları qatranla metal lövhələrə bərkidirdi. Artıq hər bir mətn üçün ayrıca qəlib hazırlamaq lazım gəlmirdi, hazır literləri düzgün ardıcıllıqla lövhəyə bərkitmək kifayət idi. Lakin bu üsul da kamil deyildi, çünki külli miqdarda şrift qəlibləri tələb olunurdu, onların bir-bir hazırlanması isə çox vaxt aparırdı.
Bir müddət də keçdi. Nəhayət, XV əsrdə alman ixtiraçısı İohann Qutenberq (1400-1468) literlər hazırlamaq üçün metal matrislər (lat. matrix – mənbə, başlanğıc) yaratmağa nail oldu. Matrisin üzərində hər bir literin formasına uyğun dərinliklər var idi. Qurğuşunla qalayın qarışığından olan ərintini matrisin üzərinə tökərək tez bir zamanda külli miqdarda liter düzəltmək mümkün idi. Qutenberq müxtəlif kitab ölçülərinə uyğun standart taxta lövhələr düzəltdi. Onların üzərində literlərdən sözlər, sözlərdən cümlələr, cümlələrdən mətn yığaraq çap forması ixtira etdi. Buradakı literlər metaldan olduğuna görə daha davamlı idi və külli miqdarda surət almağa imkan verirdi. Qutenberq mətbəədə istifadə etmək üçün boyaların reseptini də hazırlamışdı. Çap vaxtı çap formasındakı literlər rənglənir və üzərinə kağız vərəq qoyulurdu.