Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdı. Daha sonra, 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardı. Çətinliklə olsa da, görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək “Əkinçi” qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə, milli mətbuatımızın əsası qoyuldu.
Azərbaycan mətbuatı üçün “Əkinçi”nin ayağı yüngül oldu. Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc etdirirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar.
XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə qardaşlarının (Səid, Cəlal, Kamal) böyük rolu olmuşdur.
Səid Ünsizadə 1879-cu ildə Tiflisdə “Ziya” qəzetini nəşr etməyə başlamışdır. Sonralar mətbəəsini Şamaxıya köçürmüş və bu qəzetlə yanaşı, dini kitabların çapı ilə də məşğul olmuşdur. S. Ünsizadə özü din xadimi olduğundan risalələr yazmış, mətbəəsindən də islam ideyalarının təbliği üçün istifadə etmişdir.
“Ziya” ilə bir vaxtda Səid əfəndinin qardaşı Cəlal Ünsizadə “Kəşkül” qəzetini, sonralar eyniadlı jurnalı buraxmışdır. C.Ünsizadə öz dünyəvi baxışları ilə qardaşından seçilirdi. O, bir sıra rus və Ukrayna yazıçıları, ... S.Ə.Şirvani, F.Köçərli kimi Azərbaycan ziyalıları ilə əməkdaşlıq edirdi. Bu da onun mütərəqqi baxışlarının formalaşmasında müəyyən rol oynamışdı. “Kəşkül”ün səһifələrində çap etdiyi dünya ədəbiyyatı nümunələrinin bir neçəsini Cəlal əfəndi öz mətbəəsində ayrıca kitab şəklində buraxmışdı.
A) eləcə də B) o cümlədən C) həmçinin