Azərgil yay tətili günlərində Gəncəyə gedəcəkdilər. Bir ay orada qalmalı idilər. Çoxlu kitab oxumağı planlaşdıran Azər əvvəlcədən həmin kitabları seçib yığmışdı. Atası maşının yük yerini açdı. Anası oraya ailənin istifadə edəcəyi əşyaları yığmağa başladı. Azər kitablarının hamısını yerləşdirə bilmədi.
Yolboyu Azərin fikri götürə bilmədiyi kitabların yanında qalmışdı. Amma nə etmək olar? Axı əşyaları da götürmək vacib idi. Yadına düşdü ki, informatika müəllimləri onlara elektron kitablardan danışmışdı. Demişdi ki, bəzi saytlarda kitabların hazır elektron variantları olur. Hətta onların nümunələrini də nümayiş etdirmişdi. Bu fikir onda bir az toxtaqlıq yaratdı. Çox güman ki, qalacaqları yerdə internet olacaq. Həmin saytlara daxil olub lazım olan kitabları tapa bilsə, əla olar!
Elə də oldu. Bilsə idi, gətirdiyi kitabları da evdə qoyar, hamısını saytdan oxuyardı. Azər internetdən tapdığı kitabları kompüterinin yaddaşına yüklədi. Özlüyündə fikirləşdi ki, artıq o, müasir oxucudur. Onun elektron kitabxanası var.
Tətildən sonra Azər, ilk növbədə, informatika müəllimi ilə görüşmək, təəssüratlarını onunla bölüşmək istəyirdi. İnformatika kabinetinin qapısını açanda həmişəki kimi Maqsud müəllimi kompüterin arxasında gördü. Salamlaşdıqdan sonra cibindən yaddaş kartını çıxarıb müəllimə göstərdi.
– Maqsud müəllim, mənim artıq elektron kitabxanam var, – dedi.
Maqsud müəllim kartı notbuka taxıb orada yerləşdirilmiş kitabların kataloqunu nəzərdən keçirdi, deyəsən, şagirdindən razı qaldı:
– Afərin, oğlum, sən çox ağıllı bir iş görmüsən! – dedi. – Müasir informasiya texnologiyaları oxucuların işini yüngülləşdirmək üçün xeyli nailiyyət əldə edib. Son vaxtlaradək “elektron kitab” deyiləndə kompüterdə yığılan kitab nəzərdə tutulurdu. İndi isə “elektron mətni oxuyan qurğu” anlayışını da özünə birləşdirib. Elektron kitab, əslində, kitabların elektron formatda saxlanması və oxunması üçün istifadə olunan qurğudur. Xarici görünüşü kitaba oxşayan bu qurğular internetdən kitab yükləyib istənilən vaxt istifadə etməyə imkan yaradır.