Miss Polli Harrinqton çardaqdakı balaca otağı on bir yaşlı bacısı qızı üçün hazırlamağı tapşıranda xidmətçi Nensi çox sevindi:
– Ah, miss Harrinqton, buraya balaca qız gələcək? Nə yaxşı!
– Yaxşı? – deyə miss Polli soyuq bir tərzdə təkrar etdi. – Mən belə deməzdim. Başa düşmürəm, bacım axmaqlıq edib ərə gedibsə və onsuz da həddindən çox adam olan dünyaya daha bir uşaq bəxş edibsə, bunun cəzasını mən niyə çəkməliyəm?! Əlbəttə, onun üçün məndən asılı olan hər şeyi edəcəyəm. Bacım vəfat edəndən sonra bu mənim borcumdur. Mən isə borcumu həmişə yerinə yetirirəm...
Çardaqdakı balaca otağı silib-süpürməkdə olan Nensi pıçıldayırdı: “Borcunu həmişə yerinə yetirir... Beləmi yetirir?! Evdə o qədər boş otaq olduğu halda, zavallı uşağı gör hara salır. Yayda burada istidən nəfəs almaq olmur, qışda isə soyuqdan adamın qanı donur. Sözə bir bax: “onsuz da həddindən çox adam olan dünyaya daha bir uşaq bəxş etmək...” Məncə, dünyada uşaq yox, belə daşqəlbli adamlar həddindən artıq çoxdur!”
***
Miss Polli bacısı qızını qarşılamağa getmədi. Bunu xidmətçisinə tapşırdı. Nensi stansiyada diqqətlə adamlara göz gəzdirirdi. Birdən o, teleqramda təsvir edildiyi kimi, sarışın saçlı, əynində qırmızı damalı çit don, başında həsir şlyapa olan qızla qarşılaşdı Nensi həyəcanını boğaraq:
– Siz miss Polyannasınız? – demişdi ki, iki balaca qol boynuna sarıldı.
– Oy! Mən necə də xoşbəxtəm! Sizi görməyimə çox şadam! Məni qarşılamağa gəlməyinizə elə sevinirəm ki! Mən yolboyu sizi təsəvvürümdə canlandırmağa çalışırdım, Polli xala!