Göyərtəni işıqlandıran zəif lampanın kədərli işığında dörd nəfər idilər: sarısaçlı qadın, çiy ət qoxuyan qəssab, daz professor, bir də tənbəki çəkən gənc. Dördü də sonuncu gəmiyə gecikmiş, qayığa minmişdi.
Gecə ulduzsuz, dəniz azacıq dalğalı idi. Qayığa çırpılan kiçik dalğalar arabir göyərtəni isladırdı.
Sarışın qadın skamyada əyləşib dənizə baxırdı. Gənc oğlan gözaltı onu süzürdü. Professorun fikri tramvayda oxuduğu məqalədə qalmışdı. Qəssab isə bu gün alverdən əldə etdiyi gəliri hesablayırdı.
Qadın, deyəsən, üşümüşdü. O qalxıb kayuta doğru getdi. Amma içəri girəndə başı fırlandı. İçəridən benzin və qızmış dəmir qoxusu gəlirdi. Qadın dərhal pəncərəni açıb qarşısında oturdu
Uzaqda iki zenit projektoru sanki göy üzündə nə isə axtarırdı. Projektorlardan birinin işığı qaranlıq səmada sağdan sola, o birininki soldan sağa sürətlə hərəkət edir, bəzən ortada birləşirdi. Bu zaman gecənin zülmətini yaran gur işıq zövq oxşayırdı.
Sarışın qadın bu mənzərəyə baxarkən bir az aralıda işıldaböcək kimi bir şey uçdu. Sonra onların sayı çoxalmağa başladı. Qadın bir-birini qovan bu əcaib böcəklərin qapqara dənizə enmələrinə dalğın şəkildə tamaşa etdi.
Birdən qızmış dəmir qoxusu daha da kəskinləşdi. Qadın nə baş verdiyini bilmək üçün ətrafa göz gəzdirdi. Kapitan kayutunun qapısından bayıra tüstü sızırdı. Qadın çaşmış halda qapının dəstəyindən yapışıb açdı və bu zaman tüstünün içində kapitanla köməkçisini yerə çömbəlmiş halda, qan-tər içində gördü. Az qaldı özündən getsin. Sonra: “Yanırıq... Kömək edin!” – deyib özünü kənara atdı.
Qadının fəryadı bir andaca göyərtədəkiləri bir-birinə vurdu. Kapitan kayutunun açıq qapısından sızan acı tüstü vahiməli şəkildə burularaq göyərtəni ağuşuna alırdı.