Dilimizə başqa dillərdən keçmiş bir çox ifadələrdə müxtəlif şəxs adlarına rast gəlirik: Axillesin dabanı, Damokl qılıncı, Pirr qələbəsi, Sem dayı, Sizif əməyi və sairə. Bu şəxslər kimlərdir? Həmin ifadələrin mənasını bilmək üçün bu sualı araşdırmaq lazım gəlir. Yalnız bu halda onları nitqdə yerli-yerində işlətmək olar. Bu ifadələr nitqi daha emosional, təsirli, obrazlı edir.
Təsəvvür edin ki, çox çətin və həllolunmaz bir işlə məşğulsunuz. Hətta bu işin öhdəsindən gəlsəniz belə, onun nə özünüz, nə də ətrafdakılar üçün heç bir faydası olmayacaq. Nəhayət, bir adam yaxınlaşıb sizə deyir:
– Burax bu işin başını. Bu ki lap Sizif əməyidir.
Əlbəttə, siz həmin adamın nə demək istədiyini təxmin edə bilərsiniz. Lakin “Sizif əməyi” ifadəsinin mənşəyini bilsəniz, onun sözlərini daha dəqiq başa düşər və düzgün nəticə çıxararsınız.
Bu ifadə yunan mifologiyası ilə bağlıdır. Öz hiyləgərliyi ilə məşhur olan Sizif baş ilah Zevsin qəzəbinə düçar olur. Zevs onu cəzalandırmaq qərarına gəlir. Sizif onun əmri ilə ağır bir daşı diyirlədə-diyirlədə yüksək bir dağın başına qaldırmalı olur. Lakin dağın başına çatan kimi daş aşağı diyirlənir və bu iş əbədi təkrarlanır.
Beləliklə, biri ağır və mənasız bir işlə məşğul olanda bunu “Sizif əməyi” adlandırırlar.
***
Dünya tarixinin yaddaşında ən böyük sərkərdə kimi qalmış Makedoniyalı İsgəndərin adı ilə bir çox məsəllər, deyimlər, ifadələr bağlıdır. Onlardan biri də “İsgəndərin buynuzu var” məsəlidir. Şərqdə geniş yayılmış bir rəvayətə görə, İsgəndərin buynuzu varmış, buna görə də o, daim ucu şiş dəbilqədə gəzirmiş. Onun buynuzundan yalnız saray bərbərinin xəbəri varmış. Sirr bərbərin içini yeyir, amma o, hökmdarın qorxusundan bunu heç kimə aça bilmirmiş. Nəhayət, bərbər dözmür, bir su quyusunun başına gəlib quyuya tərəf əyilərək: “İsgəndərin buynuzu var”, – deyə pıçıldayır. Bir müddət keçir, quyuda qamış bitir. Bir çoban qamışdan tütək düzəldir. Çoban hər dəfə bu tütəkdə çalanda ətrafa “İsgəndərin buynuzu var” sədası yayılır. Bu səbəbdən birinin cidd-cəhdlə gizlətdiyi sirrə eyhamla həmin ifadəni işlədirlər.
İsgəndər şəxsiyyəti ilə bağlı elə ifadələr də var ki, orada bu hökmdarın adı çəkilmir; məsələn, “Qordi düyünü” kimi.
Deyilənə görə, Kiçik Asiya şəhərlərindən birinin hökmdarı yerinə varis qoymadan vəfat edir. Orakul deyir ki, şəhərə arabada daxil olan ilk şəxs hökmdar olacaq.