Borya nənəsi ilə görüşüb vaqona girdi. Bir əlində iri zənbil, o biri əlində içində göy rəngli şüşə banka olan parça çanta tutmuşdu.
Vaqon dolu idi. Kupelərin birində pəncərənin yanında oturmuş panamalı bir qoca Boryaya öz yanında yer verdi. Borya təşəkkür etdi, zənbilini və çantasını skamyanın altına qoyub əyləşdi.
Vaqondakıların çoxu yatırdı. Borya gələnə qədər sükutu yalnız təkərlərin taqqıltısı pozurdu. İndi bu yeknəsəq səsə skamyanın altından gələn qəribə xışıltı da əlavə olunmuşdu.
Panamalı qoca Boryanı söhbətə tutdu:
– Yükünüz heç boyunuza görə deyil.
– Yox, yüngüldür. Suda-quruda yaşayanlar və sürünənlərdir.
– Bunu necə başa düşək: suda-quruda yaşayanlar və sürünənlər?– deyə Borya ilə üzbəüz oturan eynəkli sərnişin söhbətə qoşuldu.
– Yəni qurbağalar, kərtənkələlər, koramallar... Biz məktəbdə terrarium hazırlayırıq.
Söhbət qalan sərnişinləri də maraqlandırdı. Bu diqqət, deyəsən, Boryanın xoşuna gəlmişdi. O, həvəslə danışmağa başladı:
– Bilirsiniz, biz məktəbə nə qədər xeyir gətiririk... Zoomağazada bir koramal yeddi manat yarımdır, onu da əgər tapsan! Onları tutmağa xeyli vaxt sərf etmişəm. Qurbağalarla elə də çətin olmurdu, kərtənkələlərə də tez-tez rast gəlirdim, amma koramallar... Təhlükəli işdir.
İndi, demək olar ki, bütün vaqon söhbətə qulaq asırdı. Hər yerdən gülümsər üzlər boylanırdı, xəfif gülüş və astadan deyilən sözlər eşidilirdi: “Gülməli oğlandır! Balacadır, amma necə düşüncəlidir!”
– Hələ bunlar bir yana, – Borya sözünə davam etdi. – Ən təhlükəlisi gürzəni tutmaqdır. Mən onu dörd saat güdmüşəm. O, daşın altına girdi, mən isə onu gözlədim. Sonra o çıxdı, mən də onu tutdum...
– Deməli, gürzə də aparırsan? – eynəkli sərnişin onun sözünü kəsdi.