Həmin yay on iki yaşlı Lük əmisi Henrigilə yaşamağa gəlmişdi. Əmisinin evi çay kənarındakı balaca bir ağac emalı zavodunun yanında yerləşirdi. Atasının son sözü Lükün yadından çıxmırdı: “Çalış ki, hər şey də əmindən ibrət alasan”. Buna görə də oğlan diqqətlə əmisinə göz qoyurdu.
Ağac emalı zavodunda müdir işləyən Henri əmi hündürboylu, möhkəm bədənli bir adam idi. Lükün əmisi haqqında öyrəndiyi ilk şey bu oldu ki, hamı ona hörmət edir. Əmisinin arvadı Helen dolubədənli, xoşsifət bir qadın idi. O, hərdən balaca qohumuna deyirdi: “İstərdim ki, sən də Henri əmin kimi olasan. O heç vaxt xeyrini əldən verməz, hər işində tədbirlidir”.
Lük həmişə əmisinin yanında gəzər, onun hər hərəkətini təkrarlamağa çalışardı. Əmisi Lükə deyərdi: “Həmişə çalış, işin məğzini başa düşə biləsən. Elə ki bunu başa düşdün, deməli, onda nədən xeyir gəldiyini biləcəksən. Daha heç kim sənə kələk gələ bilməz”.
Çox vaxt Henri əmisinə baxanda atasını yadına salır, onun üçün qəribsəyirdi. Buna görə o özünə gizli bir həyat qurmağa çalışırdı. Bu məsələdə onun dostu bir gözü kor, bir ayağı yüngülcə axsayan Den adlı qoca şotland iti idi. Den onun yanında olanda Lük özünü heç vaxt tənha hiss etmirdi. Lük itə elə şeylər danışırdı ki, onu heç vaxt nə əmisinə, nə də Helen bibiyə deyə bilməzdi.
Bir gün Henri əmi diqqətlə itə baxıb dedi:
– İt tamam kor olub.
– Yox, kor olmayıb, – Lük cavab verdi.
– Heç ağzında dişi də qalmayıb. Axır vaxtlar qarınqululuq edir, hürmür.
Bu iti saxlamaq daha sərf eləmir.
– Ancaq itdən yaxa qurtarmaq həmişə çətin olur, – deyə Helen dilləndi.
– Məncə, bunun ən sadə yolu onu suda batırmaqdır.